Bank Of Baku

Azərbaycanda kassa dövriyyəsi üzrə müsbət saldo 538 mln. manata çatıb

Azərbaycanda kassa dövriyyəsi üzrə müsbət saldo 538 mln. manata çatıb
# 09 noyabr 2009 10:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan üzrə bank kassa dövriyyəsinin mədaxil hissəsi 2009-cu ilin yanvar-sentyabr ayları ərzində 13 522 721 800 manat, məxaric hissəsi isə 12 962 403 000 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, mədaxil üzrə illik azalma 3,48%, məxaric üzrə isə azalma 13,2% olub.

Beləliklə, bank kassa dövriyyəsində darlaşma müşahidə olunub ki, bu da ümumilikdə iqtisadiyyatda baş verən proseslərin tam əksidir. Müəyyən daxili və xarici amil və səbəblərə görə baş verən iqtisadi fəallığın, rentabelliyin, dövriyyələrin azalması dərhal bank sistemində dövriyyənin azalmasında öz əksini tapır.

Oktyabrın 1-nə bankların əməliyyat kassasının qalığı mədaxil üzrə 163 696 800 manat, məxaric üzrə isə 185 682 900 manat təşkil edib. Beləliklə, cari ilin ilk 9 ayında bank kassa dövriyyəsi üzrə müsbət saldo 560 318 800 manata, kassa qalıqları üzrə göstəricilər nəzərə alınmaqla, ehtiyat fonduna pul qoyuluşu 538 332 700 manata bərabər olub.

Kassa dövriyyəsinin mədaxil hissəsinin əsas mənbəyi 4 907 895 400 manat həcmində olan xarici valyuta satışı (ümumi dövriyyənin 36,3%-i) hesabına formalaşıb. Bundan əlavə, mədaxilin əsas mənbələri sırasında qeyri-dövlət müəssisələri (2 235 852 200 manat, xüsusi çəkisi 16,5%) və vətəndaşların əmanətləri hesabına (1 407 166 900 manat və ya 10,41%) daxilolmalar var. Xarici valyuta satışından daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,5% artıb, qeyri-dövlət müəssisələrindən daxilolmalar 22%, vətəndaşların əmanətləri hesabına daxilolmalar isə 21% azalıb.

Məxaricin əsas istiqamətləri arasında 3 454 510 600 manat və ya 26,65%-lik xüsusi çəkiyə malik olan qeyri-dövlət müəssisələrinə ödənişlər (əmək haqları istisna olmaqla) birinci yerdədir. Sonrakı yerləri vətəndaşların əmanətləri hesabından ödənişlər (1 403 646 000 manat və ya 10,83%) və xarici valyutanın alınmasına ödənişlər (1 407 473 600 manat və ya 10,86%) tutur. Son bir ildə qeyri-dövlət müəssisələrinə ödənişlər 31,2%, vətəndaşların əmanətləri hesabından ödənişlər 19%, xarici valyutanın alınmasına ödənişlər isə 16% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR