Bank Of Baku

Millət vəkili Nazim Məmmədov: «Azərbaycanın 2010-cu il dövlət büdcəsinin layihəsində çatışmayan məqamlar var»

Millət vəkili Nazim Məmmədov: «Azərbaycanın 2010-cu il dövlət büdcəsinin layihəsində çatışmayan məqamlar var»
# 10 noyabr 2009 06:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın 2010-cu il dövlət büdcəsinin layihəsində müsbət tərəflərlə yanaşı çatışmayan məqamlar da var. Bunu «Azərbaycanın 2010-cu il dövlət büdcəsi haqqında» qanun layihəsini «APA-Economics»ə şərh edən Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Nazim Məmmədov bildirib.

Büdcə layihəsinin birgə komitələrdə müzakirəsinin əleyhinə olduğunu deyən millət vəkili hesab edir ki, büdcə ilk olaraq İqtisadi siyasət Komitəsində geniş təhlil olunmalıdır.

Millət vəkili hesab edir ki, büdcə gəlirlərində neftin baza qiyməti yığılacaq vergilərə təsir göstərir və bu proqnozun reallığa nə qədər yaxın olması vacib şərtlərdəndir. N.Məmmədovun fikrincə, 2010-cu ilin büdcəsi tərtib olunarkən götürülmüş 45 dollar/barel səviyyəsində götürülən baza qiyməti çox ehtiyatlı addımdır.

«Artıq neftin ədalətli qiyməti 70-80 dollar həddində müəyyənləşib. Fikrimcə, hökumət baza qiymətini 60 dollar götürsəydi dövlət büdcəsinin gəlirləri baxımından biz ixrac neftdən nə qədər vergi daxil olacağını dəqiq bilərdik. Hesab edirəm ki, baza qiymətinin aşağı olmasının ziyanı olmasa belə, proqnozların reallığa maksimum yaxın olması vacib amillərdəndir», - deyə N.Məmmədov vurğulayıb.

Millət vəkili 2010-cu il üçün inflyasiyanın 3% proqnozlaşdırılmasını reallıqdan uzaq sayır. N.Məmmədovun fikrincə, 2010-cu ilin birinci yarısında reallıq Beynəlxalq Valyuta Fondu və Dünya Bankının inflyasiya ilə bağlı proqnozlarına uyğun ola bilər: «Ancaq 2010-cu ilin birinci yarısında inkişaf etmiş ölkələrin iqtisadiyyatında artım gözlənilir. Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatının tərkib hissəsi olduğundan, bu proses bizdə də müşahidə olunacaq. Hesab edirəm ki, inflyasiya hökumətin göstəricisindən bir neçə dəfə yüksək – ən azı 8% olacaq. Bu baxımdan, hökumət proqnozları dəqiq analiz etmiş olsaydı, daha yaxşı olardı».

Növbəti il gözlənilən büdcə kəsirinin bağlanması üçün istifadə olunacağı göstərilən mənbələrdən daxilolmaların kifayət etməyəcəyini düşünən N.Məmmədovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə büdcə kəsiri daxili borclar və qiymətli kağızlar bazarının hesabına ödənilir. Azərbaycan kimi inkişafda olan ölkələr isə özəlləşdirmədən daxilolmalara üstünlük verilir: «Hökumətin hesabatında göstərilir ki, büdcə kəsirinin bağlanılması həm qiymətli kağızlar bazarından, həm özəlləşdirmə, həm vahid xəzinə qalığından, həm də büdcə təşkilatlarının büdcədən kənar fondlarından daxilolmalar hesabına həyata keçirilə bilər. Ancaq son üç ili analiz etsək özəlləşdirmədən və qiymətli kağızlar bazarından bir neçə on milyon manat daxil olduğunu görərik. Hesab edirəm ki, büdcə kəsirinin ödənilməsində heç bir problem yaranmayacaq. Amma bunun qeyd edilən mənbələr hesabına olması məndə şübhə doğurur».

Qeyd edək ki, Azərbaycanın 2010-cu il üçün dövlət büdcəsində büdcə kəsiri 1,2 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR