Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu il əsas diqqəti bazarın tənzimlənməsi siyasətinin təkmilləşdirilməsinə yönəldəcək

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu il əsas diqqəti bazarın tənzimlənməsi siyasətinin təkmilləşdirilməsinə yönəldəcək
# 18 yanvar 2010 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yenidən təşkil edilməsilə əlaqədar hüquqi-normativ və institusional tədbirlər yekunlaşdırılıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə QKDK-nın yeni struktur və ştat cədvəli təsdiq edilib, əməkdaşlarla yeni əmək müqavilələri bağlanılıb və yeni struktura daxil olan bölmələrin əsasnamələri hazırlanıb.

Bundan başqa, QKDK-nın kadr potensialının gücləndirilməsi və əməkdaşlarının peşəkar səviyyəsinin artırılması məqsədilə ölkə daxilində və xaricdə müxtəlif təlim kursları və seminarlar təşkil edilib və bu istiqamətdə zəruri texniki yardım cəlb edilib. Belə ki, 2009-cu il ərzində QKDK əməkdaşlarının 39%-nin təxminən 34 gün (139 saat) daxili, 14%-nin isə təxminən 40 gün xaricdə seminar və kurslarda iştirakı təmin olunub.

Ötən dövr ərzində QKDK-nın beynəlxalq əlaqələrinin, eləcə də beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində bir sıra tədbir həyata keçirilib. Belə ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Avropa İttifaqının TACİS proqramı, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq çərçivəsində qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üzrə hüquqi-normativ bazanın təkmilləşdirilməsi, infrastrukturun inkişaf etdirilməsi və tənzimləmə potensialının gücləndirilməsinə dair çoxşaxəli istiqamətləri özündə əks etdirən texniki yardım layihələrinin icrası davam etdirilib, yeni texniki yardım layihələri üzrə bir sıra təşəbbüsə başlanılıb.

Bununla yanaşı, Komitə qlobal iqtisadi prosesləri, beynəlxalq maliyyə bazarlarında baş verən əsas yenilikləri öyrənərək Azərbaycanın iqtisadi maraqlarına cavab verən və iqtisadiyyatın şaxələndirilməsi siyasətinə xidmət edən qiymətli kağızlar bazarının institusionallaşması, texniki infrastrukturun müasirləşdirilməsi və bazarın tənzimlənməsi siyasətinin təkmilləşdirilməsini cari ilin əsas prioriteti kimi müəyyən edib. Bu hədəflərin reallaşması üçün QKDK-nın daxili potensialının artırılması, peşəkar işçi heyətinin formalaşması və inkişafı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR