Bank Of Baku

Azərbaycanda «İnvestisiya fondları haqqında» qanunun yeni redaksiyası hökumətə təqdim olunub

Azərbaycanda «İnvestisiya fondları haqqında» qanunun yeni redaksiyası hökumətə təqdim olunub
# 18 yanvar 2010 11:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yenidən təşkilatlanmasının normativ-hüquqi bazasının təmin edilməsi ilə yanaşı qiymətli kağızlar bazarı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə mövcud qanunvericilikdə yaranmış boşluqların aradan qaldırılması və onun qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra tədbir həyata keçirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, ötən dövr ərzində səhmdar cəmiyyətlərində korporativ idarəetmə standartlarının daha geniş tətbiqi məqsədilə Mülki Məcəllənin 4-cü fəslinin səhmdar cəmiyyətlərinə dair maddələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsi hazırlanıb və beynəlxalq ekspertlərə təqdim olunub. Həmçinin, investisiya fondlarının təşkili və fəaliyyətinə dair qanunvericiliyin təkmilləşdirilməsi və onların fəaliyyətinin tənzimlənməsi mexanizmlərinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə «İnvestisiya fondları haqqında» qanununun yeni redaksiyası hazırlanıb və hökumətə təqdim edilib.

Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsi hazırlanıb. Qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin qiymətli kağızlar bazarında fəaliyyətlə bağlı hüquq normalarının qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və həmin maddələrdə müəyyən edilmiş sanksiyaların miqdarının milli qanunvericiliyə uyğun olaraq artırılması nəzərdə tutulur.

Bundan başqa, ipoteka kreditlərinin maliyyə bazarları vasitəsi ilə yenidən maliyyələşdirilməsi mexanizmlərinin hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan İpoteka Fondu və Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Mülki Məcəlləyə «İpoteka istiqrazları haqqında» müvafiq maddələrin əlavə edilməsinə dair qanun layihəsi hazırlanıb.

Hesabat dövründə qiymətli kağılar bazarında fəaliyyətin tənzimlənməsi üzrə normativ bazanın diaqnostikası və ekspertizası yekunlaşıb, bununla əlaqədar olaraq müvafiq Fəaliyyət Planı hazırlanaraq icrasına başlanılıb. İl ərzində «Qiymətli kağızlar bazarı iştirakçılarının attestasiya Qaydaları» və «Azərbaycan ərazisində Fond birjasının təşkili, fəaliyyəti və birja qaydalarına dair tələblər haqqında Əsasnamə» hazırlanaraq təsdiq edilib. Qiymətli kağızların buraxılışı, tədavülü və onlarla digər mülki münasibətləri tənzimləyən normativ bazanın təkmilləşdirilməsi məqsədilə Mülki Məcəllənin 54-cü fəslinə əlavə və dəyişikliklərin hazırlanmasına başlanılıb.

Bununla yanaşı, Azərbaycan hökumətinin müvafiq qərarına əsasən, ötən dövrdə cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə müvafiq tənzimləmə qaydalarının layihəsi təkmilləşdirilərək Nazirlər Kabinetinə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR