Bank Of Baku

Azərbaycan dövlət büdcəsindən sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi ötən il 20% artırılıb

Azərbaycan dövlət büdcəsindən sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi ötən il 20% artırılıb
# 19 yanvar 2010 08:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda sosialyönümlü tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən 2,903 mlrd. manat, o cümlədən onun cari xərclərindən 2,763 mlrd. manat vəsait sərf edilib ki, bu da 2008-ci illə müqayisədə 450 mln. manat və ya 19,5% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan hökumətinin 2009-cu ilin yekunlarına dair prezident yanında keçirilən iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazir onu da qeyd edib ki, 2009-cu ildə 2008-ci illə müqayisədə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial-müdafiə və sosial-təminat xərcləri 24,6%, təhsil xərcləri 17,2%, səhiyyə xərcləri 16,2%, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri isə 12,9% artıb.

«Əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, o cümlədən ölkənin 22 rayonunda və Bakının Qaradağ, Suraxanı, Yasamal, Əzizbəyov və Sabunçu rayonlarında əlillər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisinə 46,2 mln. manat vəsait yönəldilib», - deyə S.Şərifov bildirib.

Nazir çıxışında həmçinin bildirib ki, 2009-cu il də məcburi köçkünlərin sosial-məişət və məskunlaşma şəraitinin yaxşılaşdırılması və yaşayış qəsəbələrinin tikintisi istiqamətində Dövlət Neft Fondundan 90 mln. manat vəsait sərf olunub.

Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən təhsil və səhiyyə obyektlərinin tikintisi və yenidən qurulmasına 140 milyon manat vəsait yönəldildiyini bildirən S.Şərifov həmçinin qeyd edib ki, yeni məktəblərin tikintisi, məktəblərin əsaslı təmiri və yenidənqurulması, uşaq bağçalarının əsaslı təmiri, dövlət ali təhsil müəssisələrinin əsaslı təmiri və yenədənqurulması məhz bu vəsait hesabına həyata keçirilib.

Nazir onu da vurğulayıb ki, 2009-cu ildə dövlət büdcəsi xərclərində aqrar və ətraf mühitin mühafizəsi xərcləri 2008-ci ilə nisbətən 38,5%, mənzil və kommunal təsərrüfat xərcləri 24,9%, ümumi dövlət xidmətləri xərcləri 14,7%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri isə 21,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR