Bank Of Baku

Azərbaycanda illik inflyasiya 1,5%-ə çatıb

Azərbaycanda illik inflyasiya 1,5%-ə çatıb
# 21 yanvar 2010 12:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin dekabr ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayına nisbətən 0,8%, 2009-cu ildə 2008-ci ilə nisbətən isə 1,5% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, noyabr ayına nisbətən dekabr ayında ərzaq məhsullarının qiymətləri 1,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% artıb, xidmət tarifləri isə dəyişməz qalıb. Ötən ilin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 1,5% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 3,4%, xidmət tarifləri isə 7,1% bahalaşıb.

Məlumat üçün bildirək ki, Beynəlxalq Valyuta Fondu 2009-cu ildə Azərbaycanda illik inflyasiyanın səviyyəsinin 4%-ə düşəcəyini proqnozlaşdırıb. BVF-nin ekspertləri hesab ediblər ki, MDB, Şərqi və Mərkəzi Avropanın 27 ölkəsi arasında Azərbaycan istehlak qiymətlərinin indeksi üzrə 13-cü yeri tutacaq. MDB ölkələrində orta illik inflyasiya ötən il 12,6% təşkil edəcək. Bununla belə vurğulanır ki, Rusiyada qiymət artımı nəzərə alınmazsa, bu göstərici 11,9%-ə bərabər olacaq. Bölgədə ən yüksək qiymət artımı məhz Rusiya (12,9%) və Serbiyada (10%) gözlənilir.

Maraqlıdır ki, Valyuta Fondunun ehtimallarına əsasən, yalnız Azərbaycan, Moldova, Gürcüstan və Ermənistanda 2009-cu ildə inflyasiya 5%-dən çox olmayacaq.

Qeyd edək ki, Azərbaycan 27 ölkə sırasında qiymətlərin enməsi üzrə lider dövlət hesab oluna bilər. BVF-nin proqnozlarına görə, 2010-cu ildə Azərbaycanda inflyasiya 7% səviyyəsində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR