Bank Of Baku

Azərbaycanda bankların məcmu mənfəəti son bir ildə 14% artıb

Azərbaycanda bankların məcmu mənfəəti son bir ildə 14% artıb
# 29 yanvar 2010 11:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2009-cu il ərzində əldə etdiyi vergi ödənilənədək mənfəətin həcmi 281,09 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, 2008-ci ilin göstəricisi ilə müqayisədə mənfəət üzrə 35,06 mln. manat və ya 14,3% səviyyəsində artım müşahidə olunub.

Ötən ilin yekunlarına görə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar (132,86 mln. manat) nəzərə alınmaqla, bankların cəmi mənfəətinin həcmi 413,95 mln. manata bərabər olub ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 44,24 mln. manat və ya 9,7% azdır. Bunun əsas səbəbi həmin dövr ərzində banklar tərəfindən həyata keçirilən ayırmaların son bir ildə 1,6 dəfə azalması ilə bağlı olub.

Ötən il ərzində bankların faiz gəlirləri 1 034,62 mln. manat, faiz xərcləri 465,74 mln. manat təşkil edib və nəticədə, xalis faiz mənfəət 568,88 mln. manata bərabər olub. Bundan əlavə, bankların qeyri-faiz gəlirləri 258,74 mln. manat, qeyri-faiz xərcləri isə 413,18 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 154,44 mln. manata bərabər xalis zərər yaranıb.

Ümumiyyətlə, bankların gəlir və xərclərin strukturunun təhlili faiz əməliyyatları üzrə mənfəətin artım tempinin qeyri-faiz əməliyyatları üzrə yaranan zərərin artım tempindən kəskin şəkildə geri qaldığını göstərir. Belə ki, 2009-cu il ərzində əldə edilən faiz mənfəətinin artım tempi 6,8% təşkil etdiyi halda, qeyri-faiz zərəri 2,1 dəfə artıb. Bundan əlavə, ötən il qeyri-faiz gəlirləri 8,8% azalıb, qeyri-faiz xərcləri isə 15,5% artıb. Nəticədə, banklar faiz əməliyyatlarından əldə edilən mənfəətin böyük bir hissəsi qeyri-faiz əməliyyatlarından yaranan zərərlə «silinir». Bankların faiz əməliyyatları ilə bağlı olmayan fəaliyyətin səmərəsiz aparılması nəticəsində yaranan bu problem getdikcə kəskinləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR