Bank Of Baku

Azərbaycanda kassa dövriyyəsində yenidən mənfi saldo yaranıb

Azərbaycanda kassa dövriyyəsində yenidən mənfi saldo yaranıb
# 01 fevral 2010 08:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan üzrə bank kassa dövriyyəsinin mədaxil hissəsi 2009-cu il ərzində 18 393 438 100 manat, məxaric hissəsi isə 18 438 856 400 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, illik azalma mədaxil üzrə 6%, məxaric üzrə isə 12,4% olub.

Cari ilin yanvarın 1-nə bankların əməliyyat kassasının qalığı mədaxil üzrə 163 696 800 manat, məxaric üzrə isə 205 023 300 manat təşkil edib. Beləliklə, ötən il bank kassa dövriyyəsi üzrə mənfi saldo 45 418 300 manata, kassa qalıqları üzrə göstəricilər nəzərə alınmaqla, emissiyanın həcmi 86 744 800 manata bərabər olub. Müqayisə üçün bildirək ki, 2008-ci ildə kassa dövriyyəsində emissiyanın həcmi 1,025 mlrd. manat təşkil edib. Həmçinin qeyd olunmalıdır ki, 2009-cu ilin son 6-7 ayı ərzində kassa dövriyyəsində müsbət saldo müşahidə olunub.

Kassa dövriyyəsinin mədaxil hissəsinin əsas mənbəyi (ümumi dövriyyənin 35,24%-i və ya 6 481 482 000 manat) xarici valyuta satışı olub. Bundan əlavə, mədaxilin digər mənbələri sırasında qeyri-dövlət müəssisələrindən (3 002 214 400 manat və ya 16,32%) və vətəndaşların əmanət hesablarına (1 965 675 200 manat və ya 10,69%) daxilolmaları qeyd etmək olar. Xarici valyuta satışından daxilolmalar 2008-ci il ilə müqayisədə 12,7% artıb, qeyri-dövlət müəssisələrindən daxilolmalar 21,5%, vətəndaşların əmanət hesablarına daxilolmalar isə 20,4% azalıb.

Məxaricin əsas istiqamətləri arasında 5 237 235 500 manat və ya 28,4%-lik xüsusi çəkiyə malik olan qeyri-dövlət müəssisələrinə ödənişlər (əmək haqları istisna olmaqla) birinci yerdədir. Sonrakı yerləri vətəndaşların əmanət hesablarından ödənişlər (1 870 019 700 manat və ya 10,1%) və xarici valyutanın alınmasına ödənişlər (1 896 973 000 manat və ya 10,3%) tutur. İl ərzində qeyri-dövlət müəssisələrinə ödənişlər 28%, vətəndaşların əmanət hesablarından ödənişlər 19,4%, xarici valyutanın alınmasına ödənişlər isə 14,8% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR