Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 2009-cu ilin yekunları ilə bağlı toplantı keçirilib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 2009-cu ilin yekunları ilə bağlı toplantı keçirilib
# 04 fevral 2010 08:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) və onun struktur bölmələrinin 2009-cu ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, yığıncağa sədrlik edən QKDK-nın sədri Rüfət Aslanlı ötən ilin dünya ölkələrinin iqtisadi dayanıqlığının və idarəetməsinin sınaq ili kimi tarixə düşdüyünü, Azərbaycanın isə bu sınaqdan uğurla çıxdığını qeyd edib və 2009-cu il ərzində ölkədə iqtisadi dunamikanın saxlandığını və makroiqtisadi sabitliyin hökm sürdüyünü, ölkənin beynəlxalq mövqeyinin gücləndiyini və sosial sferada qazanılmış uğurların inkişaf etdiyini bildirib. Komitə sədri 2010-cu il üzrə dünya iqtisadi inkişafının əsas gözləntiləri haqqında məlumat verərək, qlobal və milli səviyyədə həyata keçirilən iqtisadi siyasət tədbirlərindən bəhs edib.

Sonra QKDK-nın tədqiqatlar və bazarın inkişafı şöbəsinin müdiri əvəzi Natiq Mustafayev hesabat dövründə beynəlxalq və yerli bazarlarda baş vermiş mühüm hadisələr, qlobal və yerli iqtisadi göstəricilərin inkişaf tendensiyaları barədə yığıncaq iştirakçılarına məlumat verib. Çıxışda 2009-cu ildə bazara yeni alətlərin çıxarıldığı, həm istiqraz, həm də səhm buraxılışlarının artdığı bildirilib: «İl ərzində korporativ qiymətli kağızlar bazarının 10,3% artaraq 457,3 mln. manata çatıb, səhmlərin ilkin yerləşdirilməsi isə 13,2% artaraq məcmu dövriyyədəki səhmlərin həcminin nominal ifadədə 3,64 mlrd. manata çatıb, eləcə də, ticarətin birjadankənar platformadan tədricən birjaya doğru istiqamətlənməsi nəticəsində Bakı Fond Birjasında səhmlərin təkrar dövriyyəsinin həcmi 2,3 dəfə, əqdlərin sayı isə 4,9 dəfə artıb». N.Mustafayev onu da qeyd edib ki, borc bazarında təklifin şaxələnməsi müşahidə olunub və bu növ alətlərin ümumi həcminin 8%-ni korporativ istiqrazlar, 26%-ni Mərkəzi Bankın qısamüddətli notları, 48%-ni dövlət istiqrazları, 19%-ni isə veksellər təşkil edib.

Bundan sonra, QKDK-nın Aparatın rəhbəri Mehman Abbas QKDK tərəfindən bütün fəaliyyət istiqamətləri üzrə ötən il həyata keçirilmiş tədbirlər barədə iclas iştirakçılarına geniş məlumat verib. Cari və islahat gündəliyi çərçivəsində yeni normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən məruzəçi bu müddətdə 4 yeni qanun layihəsinin, 4 yeni normativ sənədin hazırlandığını qeyd edib. Çıxışda QKDK tərəfindən qiymətli kağızlar bazarında şəffaflığın təmin edilməsi və səhmdarların hüquqlarının qorunması, habelə bu dövrdə hazırlanmış QKDK-nın məlumatlandırma və maarifləndirmə konsepsiyası çərçivəsində həyata keçirilmiş işlər haqqında məlumat verilib. Həmçinin, hesabat dövründə QKDK-nın beynəlxalq əlaqələrinin, eləcə də, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığının genişləndirilməsinin davam etdirildiyi, qiymətli kağızlar bazarının inkişafı və ticarət arxitekturasının təkmilləşdirilməsi istiqamətində beynəlxalq tərəfdaş təşkilatlarla birgə həyata keçirilən yeni təşəbbüslər barədə iclas iştirakçıları məlumatlandırılıb. M.Abbas 2009-cu ildə kadr islahatları çərçivəsində görülmüş işləri sadalayaraq, il ərzində komitənin əməkdaşlarının 39%-nin ölkə daxilində və 14%-nin isə xarici ölkələrdə təşkil edilən davamlı təlim kurslarında iştirakının təmin edildiyini bildirib.

Daha sonra Milli Depozit Mərkəzi (MDM) İdarə Heyətinin sədri Bəxtiyar Əzizov çıxış edərək, hesabat dövrü ərzində MDM tərəfindən görülmüş işlərə dair geniş məlumat verib. B.Əzizov ötən ilin MDM-in inkişafında qabaqcıl korporativ idarəetmə, effektiv əməliyyat və risk menecmenti prinsiplərinin tətbiqi baxımından xüsusi rol oynadığı bildirib. Məruzəçi MDM-in müştərilərinə xidmət marşrutlarının sadələşdirilməsi və debürokratizasiyanın təmin edilməsi məqsədilə hesabat dövründə yeni təşkilati struktur və əməliyyat prosedurları hazırlanaraq həyata keçirildiyini iclas iştirakçılarının nəzərinə çatdırıb. B.Əzizov eyni zamanda, hesabat dövründə MDM tərəfindən təşkilatı, maliyyə və funksional istiqamətlərdə həyata keçirilən tədbirlərə dair ətraflı məruzə edərək, qarşıdakı dövr üçün əsas prioritet istiqamətləri barəsində yığıncaq iştirakçılarını məlumatlandırıb.

İclasın sonunda QKDK sədri R.Aslanlı Komitənin ayrı-ayrı struktur bölmələrinin ötən dövrdə qarşıya qoyulmuş vəzifələrin icra vəziyyətini müzakirəyə çıxarıb və qiymətli kağızlar bazarının gələcək inkişaf istiqamətləri üzrə Komitənin qarşısında duran qısa və ortamüddətli hədəfləri müəyyən edərək, hər struktur bölmənin qarşısında duran vəzifələri açıqlayıb. O, qiymətli kağızlar bazarının daha çevik ticarət arxitekturasının yaradılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, qiymətli kağızlar bazarında alətlər çeşidinin genişləndirilməsi, bazarın peşəkar iştirakçılarının peşəkarlıq səviyyəsinin artırılması və investorların hüquqlarının qorunmasına yönəlmiş tədbirləri cari ilin əsas prioritet vəzifələri kimi müəyyən edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR