Bank Of Baku

Azərbaycan valyuta bazarının həcmi 2009-cu ildə 8% artıb

Azərbaycan valyuta bazarının həcmi 2009-cu ildə 8% artıb
# 12 fevral 2010 09:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən il, xüsusən də I rübdə Azərbaycanın daxili valyuta bazarında proseslər ölkənin xarici iqtisadi-ticarət əlaqələrinin dinamikası və tərəfdaş ölkələrdəki devalvasiyanın psixoloji təsiri altında cərəyan edib. «APA-Economics»in məlumatına görə, bu barədə Mərkəzi Bankın 2009-cu il üzrə hazırladığı Pul İcmalında bildirilir.

Ümumilikdə, valyuta bazarının həcmi 2009-cu ildə 8,3% artaraq 37,5 mlrd. ABŞ dolları təşkil edib. Bunun 37,8%-ni açıq banklararası valyuta bazarı, 58,1%-ni bankdaxili mübadilə əməliyyatları, 4,1%-ni isə mütəşəkkil banklararası valyuta bazarı təşkil edib. Valyuta əməliyyatlarının 84%-i dollar, 12,1%-i avro, 1,2%-i Rusiya rublu, 2,7%-i isə digər valyutalarla aparılıb. Ötən ilin I rübündə əsasən qonşu ölkələrdə aparılan devalvasiyanın psixoloji təsiri nəticəsində valyuta bazarında dollara tələbat artıb, II rübdən başlayaraq isə tələb zəifləyib. Bazarın çevik tənzimlənməsi sayəsində manatın məzənnəsi sabit qalıb və nəticədə, 2009-cu il ərzində manat dollara qarşı cəmi 0,26% ucuzlaşıb. Dollarlaşmanın II rübdən başlayaraq səngiməsi banklar tərəfindən ölkəyə gətirilən nağd xarici valyutanın həcmində də əks olunur. Belə ki, banklar tərəfindən ölkəyə gətirilən nağd xarici valyutanın həcmi 2009-cu ilin III və IV rübləri üzrə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 43,1% və 30,8% az olub.

«Tədiyyə balansının müsbət saldosu manatın məzənnəsinin sabit qalmasının fundamental amili olub. Məhz tədiyyə balansının profisitli olduğunu və valyuta bazarında yaranmış gərginliyin müvəqqəti xarakter daşıdığını nəzərə alaraq, Mərkəzi Bank manatın devalvasiyasına yol verməməyi məqsədəuyğun hesab edib. Toplanmış valyuta ehtiyatları hesabına manatın məzənnəsinin sabitliyinin təmin olunması II rübdən başlayaraq valyuta bazarındakı psixoloji gərginliyi tam aradan qaldırıb», - deyə sənəddə bildirilir.

Manatın məzənnəsinin sabitliyi ölkədə inflyasiyanın, xarici borc yükünün və dollarlaşmanın artmamasına, bu əsasda pul təklifinin bərpasına əlverişli şərait yaradıb. Eyni zamanda, manatın ABŞ dollarına nəzərən məzənnəsinin sabit saxlanılması ölkənin beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir göstərməyib.

Ötən il manatın nominal məzənnəsi ticarət tərəfdaşı olan bəzi ölkələrin valyutalarına qarşı dəyərdən düşdüyü halda, digər ölkələrin valyutalarına nəzərən möhkəmlənib. Manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin də dəyişməsinə təsir göstərməyib. Nəticədə, il ərzində manat bəzi ölkələrin (Avrozona, Böyük Britaniya, Türkiyə, İran, İsrail, Çin) valyutalarına nəzərən həm nominal, həm də real olaraq ucuzlaşıb, ABŞ, Ukrayna və Gürcüstan valyutalarına qarşı isə nominal olaraq möhkəmləndiyi halda, reallıqda dəyərdən düşüb.

İcmalda qeyd olunur ki, ötən il ərzində qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə (ümumi ticarət dövriyyəsi çəkili) 1,6% bahalaşıb. Bu bahalaşma inflyasiya səviyyələri arasındakı fərq hesabına tam kompensasiya olunub. Belə ki, 2009-cu ilin dekabrında əvvəlki ilin dekabrına nəzərən Azərbaycanda inflyasiya 0,6% təşkil etdiyi halda, ticarət tərəfdaşı olan ölkələrdə orta hesabla 5,9% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR