Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin may ayı ərzində 68 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
Qeyd edilib ki, cari ilin may ayı ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 5221, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 436 müraciət daxil olub.
“Həmçinin müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 759 müraciət daxil olub.
Bundan əlavə, ötən ay əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 26512 müraciət daxil olub”,- məlumatda qeyd edilib.