İcmala əsasən, 2009-cu ildə Mərkəzi Bank ilk növbədə makroiqtisadi tendensiyaları nəzərə alaraq uçot dərəcəsini il ərzində 3 dəfə dəyişərək 8%-dən 2%-ə, faiz dəhlizinin yuxarı həddini isə 13%-dən 7%-ə endirib. Məcburi ehtiyat normaları 6%-dən 0,5%-ə salınıb və məcburi ehtiyat normalarının ortalama müddəti həm manat, həm də xarici valyutada olan depozitlər üzrə 1 ay olub. Məcburi ehtiyatlar üzrə ortalama müddətinin 1 ayadək uzadılması banklar tərəfindən likvidliyin daha effektiv idarə olunmasına imkan verir.
Ötən il ərzində AMB tərəfindən likvidliyin verilməsi əməliyyatları aktivləşdirilib, likvidliyin cəlb olunması alətləri isə məhdudlaşdırılıb:
(mln. manat)
| 01.01.2009 | 30.12.2009 | Dəyişmə |
Likvidliyin verilməsi alətləri | 234,7 | 1 483,5 | 1 248,8 |
Likvidliyin cəlb olunması alətləri | 452,6 | 29,5 | - 423,1 |
Likvidlik saldosu | - 217,9 | 1 454 | 1 672 |
Beləliklə, Mərkəzi Bankın əməliyyatları üzrə saldo ilin əvvəlindəki mənfi 217,9 mln. manatdan ilin sonuna müsbət 1 454 mln. manata yüksəlib. Nəticədə, Mərkəzi Bank iqtisadiyyata 2009-cu ildə ÜDM-in 5%-i həcmində likvidlik dəstəyi verib.
Bütövükdə, 2009-cu ildə Mərkəzi Bank tərəfindən həyata keçirilmiş xalis emissiyanın 75%-i birbaşa alətlər (kredit mexanizmləri), 25%-i isə dolayı alətlər (məcburi ehtiyatlar və notlar) vasitəsilə təmin edilib. Dövr ərzində AMB tərəfindən iqtisadiyyata verilən kreditlərin 22%-i bank sistemi, 78%-i isə sistem əhəmiyyətli dövlət müəssisələrinin dəstəklənməsinə yönəldilib.
Ötən il ərzində notların yerləşdirilməsi üzrə Mərkəzi Bank tərəfindən 51 hərrac keçirilib. Emissiyanın ümumi həcmi 579 mln. manat, yerləşdirilmiş notların həcmi isə 260,4 mln. manat və ya emissiya həcminin 45%-ni təşkil edib. AMB-nin qısamüddətli notları üzrə orta ölçülmüş gəlirlilik azalaraq dövrün əvvəlində keçirilmiş ilk hərracdakı 4,26%-dən sonuncu hərracında 1%-dək enib.
Bankların likvid vəsaitlərə ehtiyacını, onların müştərilər qarşısında öhdəliklərinin vaxtında icrasını təmin etmək məqsədilə dövr ərzində aparılmış repo əməliyyatlarının həcmi 2 020,4 mln. manat təşkil edib. Qeyd edək ki, il ərzində əks-repo əməliyyatları keçirilməyib ki, bu da maliyyə barlarında likvidliyin cəlb olunma həcmlərinin azalması çərçivəsində edilib.