Bank Of Baku

«Əmrah Sığorta» şirkəti bir həftə ərzində lisenziyasını bərpa edəcək

«Əmrah Sığorta» şirkəti bir həftə ərzində lisenziyasını bərpa edəcək
# 13 may 2010 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrah Sığorta» şirkəti yaxın bir həftə ərzində lisenziyasının bərpasına nail olmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Emil Ağasıyev bildirib.

E.Ağasıyevin sözlərinə görə, şirkətin lisenziyasının dayandırılmasının əsas səbəbi nizamnamə kapitalının tələb olunan normadan aşağı olması ilə bağlıdır. Maliyyə Nazirlyinin hesablamaları nəticəsində, müvafiq ayırmalar çıxıldıqdan sonra nizamnamə kapitalının 2 mln. manatdan aşağı olduğu müəyyənləşib. «Biz bu istiqamətdə işlərimizi davam etdirirk. Belə ki, şirkətin nizamnamə kapitalı səhmlərin nominal dəyərinin yüksəldilməsi, eyni zamanda səhmdarlar tərəfindən əlavə vəsaitin prosesə yönəldilməsi hesabına artırılacaq. Bu proses yaxın günlərdə həll ediləcək və şirkətin lisenziyası yaxın bir həftə ərzində bərpa ediləcək», - deyə E.Ağasıyev bildirib.

Qeyd edək ki, bu ilin may ayının 7-dən etibarən Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti «Günay Sığorta» ASC, «Azal Sığorta» ASC və «Əmrah Sığorta» ASC-yə sığorta fəaliyyətinə verilən lisenziyaların qüvvəsini dayandırıb. Lisenziyanın dayandırlmasına əsas səbəb kimi həmin şirkətlərin maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları icra etməmələri göstərilir.

Nazirlikdən həmin şirkətlərə maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi ilə bağlı 6 ay vaxt verilib. Əks halda bu normativlərə əməl etməyən şirkətlərin lisezniyaları ləğv ediləcək.

Xatırladaq ki, ölkədə fəaliyyət gösətən sığorta şirkətləri üçün nizamnamə kapitalının minimumu ilə bağlı tələb 2010-cu il yanvar ayının 1-nə 2 mln. manat təşkil edir. Bununla yanaşı, 2011-ci il yanvarın 1-nə sığorta təşkilatları kapitallaşmanı 3,5 mln. manata, 2012-ci il yanvarın 1-nə isə 5 mln. manata çatdırmalıdır. Yeni yaradılan sığorta şirkətləri üçün bu tələb 5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR