Bank Of Baku

Bu ilin I rübündə Azərbaycan dövlət büdcəsinin mədaxil proqnozu 104%, xərcləri isə 82,7% səviyyəsində icra olunub

Bu ilin I rübündə Azərbaycan dövlət büdcəsinin mədaxil proqnozu 104%, xərcləri isə 82,7% səviyyəsində icra olunub
# 13 may 2010 09:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin mədaxil proqnozu 2 351,1 mln. manata qarşı 2 446,0 mln. manat və ya 104% icra olunub.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, büdcə daxilolmalarının 41,3%-i və ya 1 009,5 mln. manatı Vergilər Nazirliyi, 8,4%-i və 205,4 mln. manatı Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən təmin edilib, 50,1%-i və ya 1 225,0 mln. manatı Azərbaycan Dövlət Neft Fondundan (ARDNF), 0,2%-i və ya 6,1 mln. manatı isə sair mənbələrdən daxil olub.

Vergilər Nazirliyi mədaxil proqnozunu 110% icra etməklə dövlət büdcəsinə 1 009,5 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 92 mln. manat, 2009-cu ilin eyni dövrü ilə müqayisədə isə 179,1 mln. manat və ya 21,6% çoxdur.

Eyni zamanda, 2010-cu ilin I rübü ərzində DGK proqnoza 100,2% əməl edərək büdcəyə 205,4 mln. manat vəsait təmin edib. Bu da proqnoza nisbətən 0,4 mln. manat çoxdur.

Hesabat dövründə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində büdcəyə 2,2 mln. manat və ya proqnoza nisbətən 1,7 dəfə çox vəsait təmin edilib.

Bununla yanaşı, 2010-cu ilin I rübündə sair gəlirlərdən nəzərdə tutulan 2,3 mln. manata qarşı büdcəyə 3,9 mln. manat və ya proqnoza nisbətən 1,7 dəfə çox vəsait təmin edilib. ARDNF-dan 2010-cu ilin I rübü üçün nəzərdə tutulmuş məbləğdə, yəni 1 225,0 mln. manat vəsait tam daxil olub.

Hesaabt dövründə dövlət büdcəsinin xərcləri 2 393,6 mln. manat proqnoza qarşı 1 979,1 mln. manat və ya 82,7% icra edilib.

Bundan başqa, 2010-cu ilin I rübündə sosialyönümlü tədbirlərin (təhsil, səhiyyə, sosial təminat, mədəniyyət xərcləri) maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 33,8%-i və ya 669,8 mln. manatı yönəldilib ki, bu da 2009-ci ilin eyni dövrü ilə müqayisədə 68,9 mln. manat və ya 11,5% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin I rübündə sosial təyinatlı xərclərə aid olan təqaüdlər və sosial müavinətlərin maliyyələşdirilməsinə 49,9 mln. manat və ya 17,6% çox (333,5 mln. manat), əməyin ödənişi fonduna 9,3 mln. manat və ya 1,9% çox (492,4 mln. manat), ərzaq və dərman xərclərinin maliyyələşdirilməsinə 41,5 mln. manat vəsait sərf edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2010-cu ilin I rübündə sosial müdafiə və sosial təminat xərclərinə 50,1 mln. manat və ya 17,2%, təhsil xərclərinə 17,2 mln. manat və ya 7,7%, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 5,3 mln. manat və ya 9,9%, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 4,2 mln. manat və ya 17,2%, əsas bölmələrə aid edilməyən xidmətlərə 36,2% və ya 53,1 mln. manat çox vəsait yönəldilib.

Eyni zamanda, 2010-cu ilin I rübündə dövlət investisiya xərclərindən əsas investisiya layihələrinin normal maliyyələşdirilməsi təmin edilib və bu məqsədə 576,5 mln. manat vəsait yönəldilib.

Həmin vəsaitdən təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 70 mln. manat vəsait istifadə olunub. Müharibə əlillərinə, şəhid ailələrinə yaşayış evinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 9,4 mln. manat, regionlarda idman komplekslərinin və digər təyinatlı idman obyektlərinin tikintisi və yenidənqurulmasına 9,5 mln. manat yönəldilib.

Ölkənin əsas enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturların tikintisi və yenidən qurulması üçün 474 mln. manat, o cümlədən yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 359 mln. manat, Bakı Metropoliteninin stansiyalarında tikinti və yenidənqurma işlərinə 18,6 mln. manat, «Bakıelektrikşəbəkə» ASC-nin nizamnamə kapitalının artırılmasına 15 mln. manat, regionların içməli su və suvarma-drenaj infrastrukturlarının bərpasına 39,6 mln. manat, digər dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 33 mln. manat vəsait sərf edilib.

Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkədə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 55 mln. manat məbləğində vəsait istifadə edilib.

Bununla yanaşı, 2010-cu ilin I rübündə Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab olunan tədbirlərin maliyyələşdirilməsi üçün 45,5 mln. manata sərəncam verilib. Dövlət büdcəsinin Ehtiyat Fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 16,1 mln. manat vəsait istifadə olunub.

Dövlətin xarici və daxili borclarının idarə olunması, beynəlxalq səviyyədə və ölkə daxilində borc öhdəliklərinin yerinə yetirilməsi üçün həmin məqsədə büdcədən 9,7 mln. manat, «Dövlət zəmanəti ilə alınan borcların «Təminat Fondu»nun vəsaiti hesabına 8,2 mln. manat («Azərkimya» Dövlət Şirkətinə 4,2 mln. manat, «Azərbaycan Hava Yolları» QSC-yə 4 mln. manat və s.) vəsait yönəldilib.

Eyni zamanda, hesabat dövründə Azərbaycanın xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin saxlanılması və onların normal fəaliyyəti üçün dövlət büdcəsindən 22,3 mln. manat vəsait yönəldilib. Bu dövrdə Azərbaycanın Serbiyada fəaliyyətə başlayan səfirliyi üçün müvafiq maliyyə təminatı yaradılıb.

Bundan başqa, 2010-cu ilin I rübündə ölkədə keçirilmiş bir sıra beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşməsi üçün 247,5 min manat vəsait yönəldilib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilməklə hesabat dövründə «2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın icrası üçün 23 mln. manat vəsait ayrılıb.

Aqrar sektora dövlət qayğısının daha da artırılması məqsədilə fermer təsərrüfatlarına kreditlərin verilməsi, lizinq xidmətinin yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fonduna 25 mln. manat, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün «Aqrolizinq» ASC-yə 13,9 mln. manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 mln. manat vəsait yönəldilib.

Qeyd edək ki, əhalinin sosial-məişət şəraitinin, əsasən də mənzil şəraitinin yaxşılaşdırılması üçün sosial ipotekaya 2,9 mln. manat vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR