Bank Of Baku

«Parex Leasing and Factoring» şirkəti «Birlik Bank»ı məhkəməyə verib

«Parex Leasing and Factoring» şirkəti «Birlik Bank»ı məhkəməyə verib
# 20 may 2010 08:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev –APA-Economics. Latviyanın «Parex Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Parex Leasing and Factoring» şirkəti «Birlik Bank» ASC-yə qarşı məhkəmə iddiası ilə çıxış edib.

«Parex Leasing and Factoring» şirkətinin direktor müavini Əfqan Cavadovun «APA-Economics»ə verdiyi məlumata görə, iddianın əsas mahiyyəti «Everest Ltd.» şirkəti tərəfindən lizinqə götürülən texnika üzrə ödənişlərin vaxtında aparılmaması ilə bağlıdır. «Birlik Bank» ASC isə burada zamin qismində çıxış edir. Buna görə də hər iki hüquqi şəxs məhkəmə qarşısında cavab verməlidir», - deyə Ə.Cavadov bildirib.

«Birlik Bank»ın İdarə Heyətinin sədri Səriyyə Səmədovanın sözlərinə görə, bank «Parex Leasing and Factoring» şirkətindən ticarət məqsədi ilə texnika götürən «Everest Ltd.» şirkətinə zamin durub. Lakin «Parex Leasing and Factoring» şirkəti vəsaiti əsas borc götürəndən deyil, birbaşa «Birlik Bank»dan tələb edir.

S.Səmədova bildirib ki, əsas borcun məbləği 413 min ABŞ dolları təşkil edir. Lakin «Parex Leasing and Factoring» şirkətinin məhkəmədə iddiası əsas borcla yanaşı 80 min dollar həcmində hesablanmış dəbbənin də ödənilməsini nəzərdə tutur. «Bu qədər dəbbə hesablana bilməz, sadəcə olaraq kreditor bizim bank təşkilatı olduğumuza görə bu məbləğdə pulu almaq niyyətindədir. Hazırda «Everest Ltd.» şirkətinin rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmur. Yəqin ki, nə vaxtsa ortalığa çıxacaqlar».

S.Səmədova qeyd edib ki, məhkəmə prosesi müvafiq qaydalar üzrə yekunlaşdıqdan sonra «Birlik Bank» hüquqlarının müdafiəsi üçün «Parex Leasing and Factoring» şirkətini məhkəməyə verəcək.

Qeyd edək ki, iş üzrə növbəti məkhəmə iclası sabah keçiriləcək.

Xatırladaq ki, «Parex Leasing & Factoring» şirkəti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir.

Təsisçisi 20 yerli fiziki şəxs olan «Birlik Bank» ASC isə 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 53,648 mln. manat, depozit portfeli 1,028 mln. manat, kredit portfeli 35,814 mln. manat, məcmu kapitalı 18,895 mln. manat, o cümlədən nizamnamə kapitalı 16 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR