«Fitch»in reytinqləri üzrə analitik qrupun kiçik direktoru Andres Kların sözlərinə görə, Azərbaycanın suveren reytinqinin investisiya səviyyəsinə qədər yüksəlməsi neft gəlirlərinin sürətlə artımını və bu gəlirlərin səmərəli idarə olunduğunu əks etdirir. Həmin gəlirlər ölkənin dövlət və xarici netto-kreditor kimi güclü mövqeyinin yaradılması üçün istifadə olunur. Həmçinin, Azərbaycanın güclü dövlət balansı potensial sarsıntılar üçün möhkəm ehtiyatı təmin edir.
«Fitch»in məlumatında deyilir ki, iri neft gəlirlərinin səmərəli istifadəsi Azərbaycanın Dövlət Neft Fondunun aktivlərinin 2010-cu ilin aprelin 1-nə 16,2 mlrd. dollara çatdırılmasına imkan verib. Beynəlxalq neft bazarında qiymətlərin dəyişkənliyi və dünya maliyyə böhranına baxmayaraq, Azərbaycanda büdcə profisiti ÜDM-in 6,3%-i səviyyəsində olub, çünki Neft Fondunun vəsaitlərin istifadəsinin artırılması deyil, büdcə xərclərinin azaldılması həyata keçirilib. Nəticədə, Fondun vəsaitləri 3,7 mlrd. dollar artıb. Cari əməliyyatlar balansının müsbət saldosu 2009-cu ilin yekunlarına görə ÜDM-in 20,7%-nə çatıb, inflyasiya isə 2008-ci ildəki 20,8%-dən 1,5%-ə enib.
Neft ixracatçısı olaraq, Azərbaycan əksər xarici maliyyə göstəriciləri üzrə müqayisəli ölkələrin orta göstəricilərini üstələyir. Ölkənin xarici aktivlərinin xalis dəyəri 2009-cu ilin sonunda ÜDM-in 37%-ni təşkil edib ki, bu da Qazaxıstan (41%) və Rusiyanın (33%) göstəriciləri ilə müqayisəli göstəricidir. Eyni zamanda, Azərbaycanda özəl sektorun borclarının orta səviyyədə olması həmin ölkələrlə müqayisədə güclü mövqedir. Bunu həmçinin daha bir fakt təsdiq edir. Azərbaycanın xarici netto-kreditor mövqeyi ÜDM-in 36%-nə, Rusiyanın mövqeyi 26%-nə bərabərdir, Qazaxıstanın isə 27%-lik xarici dövlət borcu var. Dünya maliyyə böhranı zamanı və gedişində Azərbaycan Mərkəzi Bankı manatın dollara qarşı məzənnəsini uğurla sabit saxlanmasına nail olub.
Eyni zamanda «Fitch» qeyd edir ki, iri neft gəlirlərini əldə etmə potensialı Azərbaycanda orta səviyyədədir. Belə ki, agentliyin hesablamalarına görə, 2009-cu ilin hasilat səviyyəsi saxlanılarsa ölkənin neft ehtiyatları 18 ildən sonra tükənəcək, halbuki, məsələn, Qazaxıstan üçün bu müddət 54 ilə bərabərdir. Proqnozlaşdırılır ki, Azərbaycanda hasilat səviyyəsi 2010-2014-cü illərdə sabit qalacaq, sonra isə azalmağa başlayacaq. «Fitch»in hesablamalarına görə, həmin amil ÜDM-in real artımının 2005-2009-cu illərdə orta hesabla 21% olduğu halda, 2010-cu ildə 3%, 2011-ci ildə isə 2%-dək azalmasına səbəb olacaq.
Yaxın gələcəyə gəldikdə, «Fitch» neft gəlirləri hesabına illik xərcləri neftdən olan «daimi gəlirlər» səviyyəsinə uyğun olaraq məhdudlaşdırmaqla büdcə idarəetməsini məqsədə uyğun hesab edir. Bundan başqa, agentlik Neft Fondunun şəffaflığından razılığını bildirib. «Fitch»in hesablamalarına görə, 2010-cu ilin sonuna Neft Fondunun aktivləri 22 mlrd. dollar və ya ÜDM-in 45%-nə çatacaq.
«Fitch Ratings» tərəfindən MDB ölkələrinə verilən reytinqlər dərəcələri:
Emitent | Xarici valyutada uzunmüddətli defolt reytinqi | Milli valyutada uzunmüddətli defolt reytinqi | Proqnoz | Xarici valyutada qısamüddətli defolt reytinqi | Ölkə həddi | Verilmə tarixi |
Rusiya | BBB | BBB | Stabil | F3 | BBB+ | 22.01.2010 |
Azərbaycan | BBB- | BBB- | Stabil | F3 | BBB- | 20.05.2010 |
Qazaxıstan | BBB- | BBB | Stabil | F3 | BBB | 16.12.2009 |
Ermənistan | BB- | BB- | Stabil | B | BB | 13.08.2009 |
Gürcüstan | B+ | B+ | Stabil | B | BB- | 26.08.2009 |
Ukrayna | B- | B- | Stabil | B | B- | 17.03.2010 |