Bank Of Baku

Bakıda Azərbaycan və Çinin mərkəzi bankının başçıları arasında görüş keçirilib

Bakıda Azərbaycan və Çinin mərkəzi bankının başçıları arasında görüş keçirilib
# 31 may 2010 14:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Bakıda səfərdə olan Çin Xalq Bankının (ÇXB) sədri Çjou Syaoçuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan və Çinin bank sektorları arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, həmçinin qlobal maliyyə böhranının nəticələri və postkrizis dövrünün vəzifələri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanla Çin arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Ç.Syaoçuan hər iki ölkənin bank sektorları arasında gələcək əməkdaşlıq perspektivlərinə dair fikirləri ilə bölüşüb.

E.Rüstəmov öz növbəsində Azərbaycan iqtisadiyyatının, o cümlədən bank sektorunun cari vəziyyəti, ölkədə həyata keçirilmiş antikrizis tədbirləri, onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlığın əsas faktorları barədə məlumat verib. E.Rüstəmov hər iki ölkənin mərkəzi bankları və bütövlükdə bank sektorları arasında gələcək əməkdaşlığın hər iki tərəf üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Görüşdə həmçinin AMB ilə ÇXB arasında pul-məzənnə siyasəti, bank nəzarəti sahəsində, ixracın stimullaşdırılmasında Mərkəzi Bankın rolu, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi kimi məsələlər üzrə perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib. Makroiqtisadi tənzimləmədə, xüsusən ölkənin beynəlxalq rəqabət qabiliyyətinin qorunmasında mühüm rol oynayan məzənnə siyasəti ətrafında müzakirələr aparılıb və hər iki ölkənin əhəmiyyətli valyuta ehtiyatlarına və stabil milli valyutalara malik olmasının iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsində yaxşı zəmin yaratdığı qeyd olunub.

Görüşün sonunda müzakirə edilən məsələlər ətrafında səmərəli əməkdaşlığın qurulması üçün qarşılıqlı səfərlər yolu ilə təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR