Bank Of Baku

Sentyabrda AYİB-in Direktorlar Şurasının Azərbaycan üzrə yeni strategiyanı təsdiq edəcəyi gözlənilir

Sentyabrda  AYİB-in Direktorlar Şurasının Azərbaycan üzrə yeni strategiyanı təsdiq edəcəyi gözlənilir
# 02 iyun 2010 16:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) qiymətləndirici missiyasının Azərbaycana səfəri çərçivəsində mətbuat konfransı keçirilib.

«APA-Economics»in məlumatına görə, Direktorlar Şurasının üzvlərindən ibarət olan missiyanın səfərinin əsas məqsədi bank tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin gedişatı və ümumiyyətlə, AYİB-in ölkədəki fəaliyyətinin effektivliyini müəyyənləşdirməkdən ibarətdir.

Tədbirdə çıxış edən Böyük Britaniyanı təmsil edən Saymon Rey qeyd edib ki, Azərbaycan üzrə AYİB yeni strategiya hazırlayır və missiyanın səfəri əsasən bununla bağlıdır. Belə ki, bank tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin gedişatı və ümumiyyətlə, AYİB-in ölkədəki fəaliyyətinin effektivliyi strategiyanın hazırlanmasında əsas rol oyanayacaq: «Azərbaycana səfər zamanı biz ölkə prezidenti ilə görüşdük ki, müzakirənin əsas predmeti AYİB-in Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi və gücləndirilməsi olub. Bundan başqa, biz Azərbaycanın Maliyyə, İqtisadi İnkişaf nazirliklərində, Azərbaycan Mərkəzi Bankında, «Azərenerji» ASC-də, «Garadagh Cement» ASC-də, beynəlxalq maliyyə qurumlarında və investorlarla görüşlər keçirtdik və ölkədəki mövcud vəziyyətlə tanış olduq».

S.Reyin sözlərinə görə, görüşlər zamanı əsasən qeyri-neft sektoru, maliyyə, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, həmçinin energetika və enerji təchizatı və bu kimi sahələrə AYİB tərəfindən göstərilə biləcək dəstək, ölkədə biznes mühitinin yaxşılaşdırılmasına dair yardımın göstərilməsi müzakirə olunub.

S.Rey həmçinin qeyd edib ki, qlobal maliyyə böhranına baxmayaraq ötən il Azərbaycanın buna qarşı gördüyü tədbirlər müsbət təəssürat yaradıb. Eyni zamanda AYİB-in Direktorlar Şurasının üzvləri bankın ölkədəki fəaliyyətini də bəyənib: «Ötən il maliyyə böhranını təsirini azaltmaq üçün müvafiq tədbirlərin görülməsinə dair AYİB üzv ölkələrinə ayırdığı vəsaiti 2008-ci illə müqayisədə 50%, o cümlədən Azərbaycana ayırdığı sərmayəni 2 dəfə artırıb».

AYİB-in Direktorlar Şurasının üzvü - Bolqarıstan, Polşa və Albaniyanı təmsil edən Stefka Slavova tədbirdə çıxış edərək bildirib ki, bank yeni layihələrin icrası üçün vəsait ayırmağa hazırdır: «İki həftə bundan öncə Zaqrebdə keçirilən AYİB-in Direktorlar Şurasının iclasında bankın kapitalının artırılmasına dair qərar qəbul olunub ki, gələcək 5 il ərzində AYİB üzv ölkələrinə hər il 8,5-9 mlrd. avro vəsait ayıra biləcək».

AYİB-in Direktorlar Şurasının üzvü - İsveçrə, Türkiyə, Lixtenşteyn, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Serbiya və Monteneqronu təmsil edən Uerner Qruber qeyd edib ki, Azərbaycan Mərkəzi Bankında əsasən özəl sektorun maliyyələşdirilməsi, İqtisadi İnkişaf Nazirliyində infrastruktur layihələrinin maliyyələşdirilməsi, Azərbaycan Dövlət Neft Şirkətində isə qaz paylayıcı sisteminin yaxşılaşdırılmasının maliyyələşdirilməsi kimi məsələlər müzakirə olunub: «Səfərin yekunlarına dair hesabat bu ilin iyul ayında hazır olacaq. Azərbaycan üzrə yeni strategiya isə cari ilin sentyabr ayında Direktorlar Şurasına təqdim olunacaq. Yeni strategiyada qeyri-neft sektoruna dəstək və iqtisadiyyatın diversifikasiyası kimi amillərə üstünlük veriləcək».

Qeyd edək ki, AYİB-in missiyasının səfəri müntəzəm olaraq keçirilən müşavirələrin bir hissəsidir ki, bunlar da bankın Direktorlarının AYİB-in fəaliyyət göstərdiyi ölkələrdəki inkişafla bağlı ən son məlumatları əldə etməsinə imkan yaradır. İyun ayının 4-dək davam edəcək səfər çərçivəsində AYİB-in nümayəndə heyəti Şəki və Qəbələ rayonlarına da səfər edəcək. Bu növ missiyalar hər 3-4 ildən bir AYİB-in müxtəlif üzv-ölkələrinə səfər edir.

Ümumiyyətlə, AYİB-in missiyasına Direktorlar Şurasında Avstriya, İsrail, Kipr, Malta, Qazaxıstan, Bosniya və Herseqovinanı təmsil edən Kurt Bayer, Portuqaliya və Yunanıstanı təmsil edən Joao Kravinho, Rumıniya, Ukrayna, Moldova, Gürcüstan və Ermənistanı təmsil edən Virginia Georgiu, İsveçrə, Türkiyə, Lixtenşteyn, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Serbiya və Monteneqronu təmsil edən Uerner Qruber, Koreya, Avstraliya, Yeni Zelandiya və Misiri təmsil edən Tae Hvan Kim, İspaniya və Meksikanı təmsil edən Pedro Moriyon, Böyük Britaniyanı təmsil edən Saymon Rey və Bolqarıstan, Polşa və Albaniyanı təmsil edən Stefka Slavova daxildir.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1,5 mlrd. dolları olan 110 layihəni maliyyələşdirib. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorunun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR