Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-iyun aylarında pul kütləsinin həcmi 7,2% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı 2010-cu ilin yanvar-iyun ayları ərzində 7,5% artaraq 6 629,4 mln. manata çatıb:
(mln. AZN)
| 01.07.2009 | 01.01.2010 | 01.07.2010 |
M0 (nağd pullar) | 3 486,4 | 4 174,8 | 4 587,3 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) | 4 198,8 | 5 239,8 | 5 544,1 |
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) | 4 872,0 | 6 169,2 | 6 629,4 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) | 6 693,9 | 8 469,2 | 9 082,5 |
Beləliklə, pul kütləsinin bütün tərkib hissələri üzrə artım müşahidə olunub.
Qeyd edək ki, cari ilin iyulun 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 69,2% təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,4 faiz bəndi azdır. Nağd pulların pul kütləsində xüsusi çəkisinin azalması nağdsız hesablaşmaların artmasını və ya nağd pulların azalmasını göstərə bilər. Səbəbi dəqiq araşdırmaq üçün sadə bir hesablama aparmaq kifayyətdir. Belə ki, son bir ildə nağd pulların həcminin artım tempi 31,6%, manat pul kütləsinin həcminin artım tempi isə 36,1%-ə bərabər olub. Beləliklə, xüsusi çəkinin azalması nağdsız hesablaşmaların artımı ilə deyil, nağd pul kütləsinin artım tempinin ümumi pul kütləsinin artım tempindən daha aşağı olması ilə bağlıdır.