Bank Of Baku

Azərbaycanda bu il müşahidə olunan inflyasiya əsasən xarici amillərlə bağlı olub

Azərbaycanda bu il müşahidə olunan inflyasiya əsasən xarici amillərlə bağlı olub
# 12 avqust 2010 08:56 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Mərkəzi Bankın 2010-cu ilin yanvar-iyun ayları üzrə hazırladığı «Pul siyasəti İcmal»ında deyilir. Sənədə əsasən, qlobal və daxili makroiqtisadi mühitin yaxşılaşmasına baxmayaraq, Mərkəzi Bank potensial risklərin qabaqlayıcı rejimdə neytrallaşdırılmasını daim diqqət mərkəzində saxlayıb.

Pul siyasətinin makroiqtisadi əsaslarına gələrək İcmalda vurğulanır ki, cari ilin ilk 6 ayında məcmu tələbin bütün komponentləri, o cümlədən son istehlak xərcləri, investisiyalar və xarici tələb iqtisadi artıma müsbət təsir göstərib və son istehlak xərcləri iqtisadi artımın başlıca faktorlarından biri olub. Ümumilikdə, hesabat dövründə əhalinin nominal pul gəlirləri 9,7% artaraq adambaşına 1 290 manata çatıb və ya ayda orta hesabla 215 manat təşkil edib.

Əhali gəlirlərinin təxminən 70%-ni son istehlaka yönəldərək mal və xidmətlərin alınmasına sərf edib. Əhalinin son istehlak xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 13%-dən çox artaraq 8 mlrd. manat və ya ÜDM-in 41%-nə bərabər olub. Əhalinin gəlirlərinin artmasından əlavə dövr ərzində kredit qoyuluşlarının artması da tələbə artırıcı təsir göstərib. Belə ki, iyulun 1-nə bankların kredit portfeli 8 840,7 mln. manat təşkil edib ki, bunun 2 507,8 mln. manatı ev təsərrüfatlarının payına düşüb. İlin əvvəlindən kredit qoyuluşları 5,2%, istehlak kreditləri isə 7,7% artıb.

Hökümətin istehlak məsrəfləri başlıca olaraq dövlət büdcəsindən mal və xidmətlərə xərclər hesabına formalaşıb. Cari ilin yanvar-may aylarında büdcə xərclərinin 33,8%-ni əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib ki, bu da ötən ilin səviyyəsindən 2,9 faiz bəndi çoxdur.

Cari ilin yanvar-iyun aylarında iqtisadiyyata investisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9% artaraq 3,8 mlrd. manat təşkil edib. Əsas kapitala yönəldilən investisiyaların 67,6%-i qeyri-neft sektorunun payına düşüb və ötən ilin səviyyəsindən 4,7% çox olub. Qeyri-neft sektorunun sahələri arasında tikinti, kənd təsərrüfatı, ticarət və emal sənayesi sahələrinə investisiyalar xüsusilə yüksək templə artıb.

İcmalda qeyd olunur ki, makroiqtisadi tarazlıq göstəriciləri daxili proseslərlə yanaşı partnyor ölkələrdəki inflyasiya proseslərindən və məzənnə dəyişikliklərindən də təsirlənib. Xatırladaq ki, cari ilin iyun ayında inflyasiya ötən ilin dekabrına nisbətən 2,1%, ötən ilin müvafiq dövrünə nisbətən 6,1%, orta illik inflyasiya 4,9% təşkil edib ki, bunun da 2,6 faiz bəndi ərzaq məhsullarının bahalaşması ilə əlaqədar olub. AMB-də aparılmış ekonometrik hesablamalar əsasında müəyyən edilib ki, ilk yarım il ərzində müşahidə edilmiş orta illik inflyasiyanın 43,3%-i xarici amillərin, 27,4%-i nominal effektiv məzənnənin, 29%-i M1 pul kütləsinin, 0,3%-i isə mövsümi amillərin təsiri altında formalaşıb.

Beləliklə, Azərbaycan iqtisadiyyatı 2010-cu ilin birinci yarısında da iqtisadi artım dinamikasını qoruyub saxlayıb, mövcud makroiqtisadi mühitdə Mərkəzi Bank pul siyasəti qarşısında qoyulan vəzifələrə nail ola bilib. Pul siyasətinin əsas hədəfi olan inflyasiya hesabat dövründə tək rəqəmli səviyyədə olub və əsasən xarici bazarlardakı proseslərdən, ticarət partnyoru olan ölkələrdə inflyasiyadan və mövsümi faktorlardan təsirlənib. İcmalda vurğulanır ki, dövr ərzində Mərkəzi Bank yumşaq pul siyasətini davam etdirib, bu şəraitdə pul təklifi iqtisadi artıma adekvat templə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR