Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvar-iyul aylarında 2 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvar-iyul aylarında 2 dəfə artıb
# 14 avqust 2010 08:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində 8 500 833,7 min ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Ticarət dövriyyəsində yaranmış müsbət saldonun həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artıb. Hesabat dövründə 135 ölkə ilə aparılmış ticarət dövriyyəsinin ümumi həcmi 15 516 150,7 min dollar olub. Bunun 12 008 492,2 min dolları ixrac, 3 507 658,5 min dolları isə idxal əməliyyatlarının payına düşüb. O cümlədən, respublikaya 16 685,8 min dollar dəyərində 1 538 ton əmtəə təmənnasız kömək və humanitar yardım kimi daxil olub.

İxracın həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 68,04%, idxalın həcmi isə 6,61% artıb.

Müvəqqəti ixrac rejimində Azərbaycandan 92 308 min dollar dəyərində mal ixrac edilib, 231 929 min dollar dəyərində mal isə müvəqqəti idxal olunub.

Hesabat dövründə ixracda əsas yeri xam neft (85,93%), neft məhsulları (6,14%), bitki və heyvan mənşəli yağlar (1,02%), idxalda isə maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri (25,67%), ərzaq məhsulları (14,68%), nəqliyyat vasitələri və onların ehtiyat hissələri (13,41%) tutub.

Cari ilin yanvar-iyul aylarında Azərbaycanın ixracatında əsas yeri İtaliya (34,09%), İsrail (9,54%), Fransa (8,37%), idxalında isə Rusiya (16,82%), Türkiyə (11,31%) və Çin (8,78%) tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR