Bank Of Baku

Azərbaycan bank sistemi mənfəətini 2,2 dəfə azaldıb

Azərbaycan bank sistemi mənfəətini 2,2 dəfə azaldıb
# 27 avqust 2010 13:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2010-cu ilin yanvar-iyul aylarında ərzində əldə etdiyi vergi ödənilənədək mənfəətin həcmi 81,19 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin analoji 7 aylıq göstəricisi ilə müqayisədə mənfəətin məbləği 100,93 mln. manat və ya 2,2 dəfə azalıb.

Yanvar-iyul aylarının yekunlarına görə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar (97,9 mln. manat) nəzərə alınmaqla, bankların cəmi mənfəətinin həcmi 179,09 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 67,09 mln. manat və ya 27,3% azdır. Bunun səbəblərindən biri kimi ötən ilin 7 ayı ilə müqayisədə aktivlər üzrə xüsusi ehtiyatlara ayırmaların 1,5 dəfə artmasını qeyd etmək lazımdır. Ayırmaların artması öz növbəsində bankların gəlirliyinə birbaşa olaraq mənfi təsir edir.

Bundan əlavə, bankların mənfəətinin azalmasına təsir göstərən digər səbəb kimi bankların qeyri-faiz əməliyyatlarında zərərin yaranmasını göstərmək olar. Belə ki, bankların faiz gəlirləri 595,07 mln. manat, faiz xərcləri 314,88 mln. manat təşkil etdiyi və nəticədə xalis faiz mənfəətin 280,19 mln. manat həcmində olduğu halda, bankların qeyri-faiz gəlirləri 171,19 mln. manat, qeyri-faiz xərcləri isə 272,32 mln. manat təşkil edir ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 101,13 mln. manata bərabər zərər yaranıb. Beləliklə, faiz əməliyyatlarından əldə edilmiş mənfəətin 36%-ni banklar tərəfindən qeyri-faiz xərclərinin ödənilməsinə yönəldilir.

Bank fəaliyyətinin maliyyə nəticələrinin illik müqayisəli təhlili iki əsas amili üzə çıxarır. Belə ki, ötən ilin 7 ayı ilə müqayisədə faiz mənfəəti 16,2% azalıb, qeyri-faiz zərəri isə 15% artıb. O cümlədən, faiz gəlirləri 0,2% azaldığı halda, faiz xərcləri 20,2% artıb. Qeyri-faiz əməliyyatlarda isə gəlir və xərclərin artım templəri, demək olar ki, eyni olub (müvafiq olaraq 15,5% və 15,3%).

Əgər qeyri-faiz əməliyyatlarının yalnız zərər gətiriməsi Azərbaycan bank sistemində artıq uzun müddətdir müşahidə olunur və tendensiya xarakteri alıb, faiz əməliyyatları üzrə gəlirlərin azalması, əvəzinə xərclərin artması son ayların «nailiyyətidir» ki, bu da bankların kreditləşmədə passivlik və cəlb olunan depozitlərin və digər öhdəliklərin artması və bununla belə bu borcların xidmətinə yönəldilən xərclərin artmasının nəticəsidir. Bu amil əyani surətdə bankların gəlirliyinin tədricən azaldığını göstərir ki, həmin tendensiya davam edərsə, Azərbaycanda bankların yekun mənfəəti heçə enər. Belə ki, əgər bir il əvvəl faiz əməliyyatları üzrə mənfəəti qeyri-faiz zərəri 3,8 dəfə üstələyibsə, hazırda bu göstərici 2,8 dəfəyə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR