Bank Of Baku

Maliyyə naziri Samir Şərifov: “2010-cu ilin ötən doqquz ayı ölkə iqtisadiyyatının növbəti uğurlu inkişaf mərhələsi kimi qeyd olunmalıdır”

Maliyyə naziri Samir Şərifov: “2010-cu ilin ötən doqquz ayı ölkə iqtisadiyyatının növbəti uğurlu inkişaf mərhələsi kimi qeyd olunmalıdır”
# 21 oktyabr 2010 02:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

”Ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ümumi daxili məhsul 4,1 faiz artaraq 29,3 milyard manata, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirləri 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsul isə 2,8 faiz artaraq 3 min 286 manata çatıb. Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz çox olub. Əhalinin maliyyə imkanlarının göstəricisi sayılan əhaliyə təqdim olunan pullu xidmətlərin həcmi artaraq ötən ilin müvafiq dövrünün göstəricisini 10,5 faiz üstələyib, pərakəndə əmtəə dövriyyəsi 8,5 faiz, əhalinin banklardakı əmanətləri isə 34,4 faiz artıb.
Cari ilin doqquz ayı ərzində Azərbaycan Respublikası 140 ölkə ilə xarici ticarət dövriyyəsini həyat keçirib ki, bunun həcmi 20,2 milyard dollar, o cümlədən idxalın həcmi 4,5 milyard, ixracın həcmi isə 15,7 milyard ABŞ dolları təşkil edib. Yəni bu dövr ərzində xarici ticarət saldosu müsbət 11,2 milyard ABŞ dolları olub, deyə nazir bildirib.

Onun sözlərinə görə, hesabat dövründə dövlət büdcəsinin mədaxili 7 milyard 505 milyon manat və ya 93,6 faiz yerinə yetirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 270 milyon manat və ya 3,7 faiz çoxdur: “Vergilər Nazirliyi mədaxil proqnozunu 100,6 faiz icra etməklə dövlət büdcəsinə 3 milyard 128 milyon manat vəsait təmin edib. Həmin vəsaitin 56,4 faizi və ya 1 milyard 768 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Bu da 2009-cu ilin müvafiq dövrünə nisbətən 89 milyon manat və yaxud 5,3 faiz çoxdur.
Dövlət Gömrük Komitəsi büdcə proqnozuna 100 faiz əməl edərək, büdcəyə 730 milyon manat vəsait təmin edib. Dövlət Neft Fondundan dövlət büdcəsinə 3 milyard 625 milyon manat məbləğində transfert edilib. Sair daxilolmalar üzrə dövlət büdcəsinə 22 milyon manat vəsait ödənilib. Cari ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 6 milyard 837 milyon manat və ya 83,9 faiz səviyyəsində icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 380 milyon manat və ya 5,9 faiz çoxdur. 2009-cu ilin müvafiq dövrünə nisbətən bu ilin doqquz ayında dövlət büdcəsindən müdafiə xərclərinə 20 faiz, kənd təsərrüfatı xərclərinə 14,2 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 13,9 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinə 9,4 faiz, mədəniyyət xərclərinə 8,3 faiz, səhiyyə xərclərinə isə 5,9 faiz çox vəsait yönəldilib. Hesabat dövründə icra olunmuş dövlət büdcəsi xərclərinin 2 milyard 65 milyon manatı və ya 30,2 faizi sosialyönümlü tədbirlərin, yəni təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrinin maliyyə təminatına sərf edilib ki, bu da 2009-cu ilin eyni dövrü ilə müqayisədə 124 milyon manat və ya 6,4 faiz çoxdur.
Cari ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikası prezidentinin imzaladığı silsilə sərəncamlarla 1,3 milyon nəfərdən artıq pensiyaçının baza pensiyalarının 13 faizlik artımı həyata keçirilib, dövlət büdcəsindən maliyyələşən 800 min nəfərə yaxın təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, habelə hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları 10 faiz artırılıb. 394 min aztəminatlı şəxsə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılıb. 14 minə yaxın şəhid ailəsi üçün müəyyən edilmiş Azərbaycan Respublikası prezidentinin təqaüdünün məbləğinə 50 faiz, 87 min nəfərdən artıq doktorant, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilib. Artımların tətbiqi təxminən 3 milyon nəfərin güzəranının daha da yaxşılaşmasına imkan verəcək. Qeyd etmək istəyirəm ki, artıq sentyabr ayından bu artımların tətbiqi ilə bağlı maliyyələşməyə başlanılıb.
Hesabat dövründə sosial-mədəni, inzibati idarəetmə və məişət təyinatlı obyektlərin tikintisi və yenidənqurulması üzrə əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsi davam etdirilmiş, bu məqsədə məcmu olaraq 2 milyard 929 milyon manat, o cümlədən dövlət büdcəsindən 2 milyard 128 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 305 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsindən 45,6 milyon manat, dövlət zəmanəti ilə beynəlxalq maliyyə institutlarından daxil olmuş vəsait hesabına 450 milyon manat vəsait yönəldilib”.

Nazirin sözlərinə görə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 300,2 milyon manat, o cümlədən təhsil müəssisələrinə 80,8 milyon manat, səhiyyə müəssisələrinə 42,7 milyon manat, mədəniyyət müəssisələrinə 101 milyon manat, idman müəssisələrinə 40,9 milyon manat, sosial müdafiə və sosial təminat təyinatlı müəssisələrin inşası və yenidən qurulması məqsədlərinə 34,8 milyon manat vəsait sərf edilib. “Əsas kommunal və nəqliyyat infrastrukturunun tikintisi və yenidən qurulması üçün 1 milyard 212 milyon manat, o cümlədən elektrik enerjisi infrastrukturunun tikintisi üçün 89,5 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturunun bərpası və yenidən qurulması üçün 170,3 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının və yol infrastrukturunun tikintisi və yenidən qurulmasına 844 milyon manat, Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin tikintisi və metro üçün avadanlığın alınmasına 106,3 milyon manat vəsait yönəldilib. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 108 milyon manat, o cümlədən Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərinin təmin edilməsi üçün 20 milyon manat, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi üçün 7 milyon manat, Bakı Sağlamlıq Mərkəzinin tikintisi üçün 5 milyon manat, məktəbəqədər və ilk peşə-ixtisas təhsil müəssisələrinin əsaslı təmiri üçün 4 milyon manat vəsait sərf edilib.
Dövlət büdcəsinin Ehtiyat Fondundan isə əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 106 milyon manat vəsait ayrılıb. Cari ilin sona çatmasına az vaxt qaldığını nəzərə alaraq, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri və ehtiyat fondlarından ayrılmış vəsaitlər hesabına 2010-cu ildə həyata keçirilməkdə olan layihələrin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün sifarişçi təşkilatlar tərəfindən ciddi tədbirlərin görülməsi, o cümlədən müvafiq maliyyələşmə sənədlərinin təqdim edilməsi prosesinin sürətləndirilməsi məqsədə müvafiq olardı. Cari ilin aprel-may aylarında Kür və Araz çaylarının daşmasının ölkəmizin bir sıra rayonlarında törətdiyi irimiqyaslı təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvafiq Sərəncamınıza uyğun olaraq təbii fəlakətdən zərər çəkmiş əhaliyə birdəfəlik maddi yardımların ödənilməsinə, uçub-dağılmış evlərin tikintisinə və yeni yaşayış massivlərinin salınmasına, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturun bərpası və yenidən qurulması işlərinə aidiyyəti dövlət qurumları tərəfindən başlanılıb. Bu məqsədə dövlət büdcəsindən ayrılmış 320,5 milyon manat vəsaitdən 98 milyon manatı artıq təyinatı üzrə istifadə edilib.
Bununla yanaşı, hesabat dövründə Şəki şəhərində, Astara, Masallı, Yardımlı, Lerik və Daşkəsən rayonlarında güclü küləyin müşayiəti ilə yağan leysan yağışlarının təsiri nəticəsində evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 10,1 milyon manat vəsait ayrılmışdır ki, ondan da 5,3 milyon manatı artıq istifadə olunub. Qeyd etmək yerinə düşərdi ki, 2010-cu ildə təbiətdə baş verən iqlim dəyişiklikləri və müxtəlif fəlakətlərlə əlaqədar olaraq regionun bir çox ölkələrində kənd təsərrüfatına və ərzaq istehsalına əhəmiyyətli dərəcədə ziyan dəyib. Müvafiq olaraq bəzi ölkələr taxıl ixracının həyata keçirilməsinə embarqolar tətbiq etmək məcburiyyətində qalmışdır ki, bunun da nəticəsində taxılın və bir çox ərzaq məhsullarının qiymətlərində artım baş verib”, deyə S.Şərifov məlumat verib.

Nazir bildirib ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün 2010-cu ilin doqquz ayında 102 milyon manat, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının dəyərinin orta hesabla 50 faizinin ödənilməsinə 55,5 milyon manat, buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə 23 milyon manat, taxıl elevatorlarının tikintisi və ərzaq buğdası tədarükünün nəqliyyat xərclərinə 11 milyon manat vəsait yönəldilib. Cari ilin doqquz ayında kənd təsərrüfatı istehsalında xüsusi əhəmiyyət kəsb edən mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin ödənilməsi ilə bağlı 12,5 milyon manat, o cümlədən dövlət büdcəsinin Ehtiyat Fondundan əlavə olaraq 5,9 milyon manat vəsait ayrılıb.

“Hesabat dövründə sahibkarlara maliyyə dəstəyinin artırılması, onların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilmiş, bu məqsədə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 1016 sahibkarlıq subyektinə 81 milyon manat məbləğində güzəştli kreditlər verilib. Ayrılmış vəsaitin 62 milyon manatı və ya 76,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalını stimullaşdıran infrastruktur layihələrinə, 16 milyon manatı və ya 20,4 faizi sənaye məhsullarının istehsalı və emalı layihələrinə, 3 milyon manatı və ya 3,5 faizi turizm infrastrukturunun inkişafı layihələrinə yönəldilib. Bütövlükdə Fond tərəfindən ayrılmış kreditlərin 44 milyon manatı və ya 54 faizi dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fondu üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilib. Cari ilin doqquz ayında dövlət büdcəsindən “Aqrolizinq” Səhmdar Cəmiyyətinə 38,4 milyon manat, o cümlədən Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılıb. Bu dövrdə “Naxçıvan Aqrolizinq” Şirkətinə 4,5 milyon manat, o cümlədən Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait yönəldilmiş, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə güzəştli kreditlərin verilməsi üçün Dövlət Kənd Kreditləri üzrə Agentliyə 10 milyon manat vəsait isə tam maliyyələşdirilib. Azərbaycan Respublikası prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası da daim nəzarətdə saxlanılır. Hazırda ölkə regionlarında 211, o cümlədən 80 sənaye, 57 kənd təsərrüfatı, 63 xidmət müəssisəsinin tikintisi davam etdirilir.
Ölkəmizin xarici və daxili borclanması ilə bağlı götürdüyü öhdəliklərin vaxtında yerinə yetirilməsi üçün 75 milyon manat, o cümlədən üzv olduğu beynəlxalq təşkilatlara üzvlük haqqı üçün 18,8 milyon manat məbləğində ödənişlər həyata keçirilib. Xaricdə olan diplomatik nümayəndəliklərin saxlanılması üçün, o cümlədən Liviya, Serbiya və Argentinada yeni fəaliyyətə başlamış səfirliklərin saxlanılmasına cəmi 34,6 milyon manat vəsait yönəldilib”, deyə maliyyə naziri bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR