Bank Of Baku

FATF pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı Azərbaycan üzrə monitorinq rejimini dayandırıb

FATF pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı Azərbaycan üzrə monitorinq rejimini dayandırıb
# 27 oktyabr 2010 09:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, mətbuat konfransında çıxış edən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı qeyd edib ki, Parisdə keçirilən plenar iclasın gündəliyinə FATF-ın xüsusi missiyasının Azərbaycan üzrə hazırladığı hesabatın müzakirəsi məsələsi də daxil edilmişdi: «Müzakirələr zamanı Azərbaycan hökumətinin pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qısa müddət ərzində əldə etdiyi əhəmiyyətli tərəqqi və hökumətin nümayiş etdirdiyi siyasi iradə nəzərə alınaraq, ölkəmizə münasibətdə tətbiq edilən monitorinq rejiminin dayandırılmasına dair qərar qəbul edilib».

Komitə sədri onu da bildirib ki, FATF 2009-cu ildə 140-a yaxın ölkədə pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində vəziyyəti qiymətləndirib və qlobal maliyyə sistemi üçün təhlükə törədən ölkələrin siyahısını tərtib edib: «Siyahıda İran və Şimali Koreya ölkələri yer alıb. Eyni zamanda, təşkilat ayrıca olaraq müvafiq sahədə müəyyən boşluqlara malik, lakin onların aradan qaldırılması üçün siyasi iradəyə və xüsusi fəaliyyət planına malik ölkələri də müəyyən edib. Sözügedən ölkələrə münasibətdə heç bir sanksiya və ya təsir tədbirlərinin tətbiq edilməməsi, yalnız müvafiq fəaliyyət planlarının icrasının FATF tərəfindən monitorinq edilməsi qərara alınıb».

Komitə sədrinin sözlərinə görə, 2010-cu ilin fevral ayında FATF Azərbaycanın pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində müvafiq fəaliyyət planının monitorinqinə dair qərar qəbul edib ki, monitorinq rejiminin tətbiqi üçün qiymətləndirmələr Avropa Şurası tərəfindən 2008-ci ilin aprel ayında hazırlanmış hesabata əsaslanıb.

«Ötən dövr ərzində Azərbaycan nümayəndə heyəti FATF-a pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ölkədə həyata keçirilmiş tədbirlər, o cümlədən qanunvericlik bazasının beynəlxalq norma və standartlara uyğunlaşdırılması, pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində infrastrukturun formlaşdırılması və müvafiq sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə təfsilatlı hesabat təqdim edib. Hesabatın müzakirəsi əsasında, həmçinin, cari ilin sentyabr ayında ölkəmizə səfər etmiş xüsusi missiyanın rəyini nəzərə alaraq, FATF oktyabrın 22-də Azərbaycana münasibətdə tətbiq edilən monitorinq rejiminin dayandırılmasına dair qərar qəbul edib. Azəbaycan Qətərlə birlikdə yeni prosedur qaydalar üzrə monitorinq rejiminin dayandırıldığı ilk ölkədir», - deyə R.Aslanlı bildirib.

Komitə sədri onu da qeyd edib ki, monitorinq rejiminin dayandırılması Azərbaycan hökumətinin beynəlxalq öhdəliklərə əməl etməsindən xəbər verir.

Qeyd edək ki, Parisdə keçirilən iclasda QKDK-nın sədri R.Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Xatırladaq ki, FATF 1989-cu ildə G-7-nin Paris zirvə toplantısının qərarına əsasən yaradılıb. Təşkilat pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində fəaliyyətin beynəlxalq standartlarını müəyyən edir, həmçinin onların ölkələr tərəfindən tətbiqini qiymətləndirir və müvafiq tədbirlər tətbiq edir. Hazırda qurumun 36 üzvü var. Bundan başqa, FATF şəbəkəsi daxilində eyni mandata malik 8 regional qurum, o cümlədən, Azərbaycanın da daxil olduğu Avrova Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspert Komitəsi (MONEYVAL) fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR