Bank Of Baku

Azərbaycanda «RoyalCard» adlı yeni prosessinq mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda «RoyalCard» adlı yeni prosessinq mərkəzi fəaliyyətə başlayıb
# 02 noyabr 2010 12:13 (UTC +04:00)
Bununla bağlı bu gün keçirilən tədbirdə prosessinq mərkəzinin təsisçisi olan «Royal Bank»ın İdarə Heyətinin sədri Samir Əkbərov bildirib ki, «Compass Plus» proqram kompleksi bazasında fəaliyyət göstərən «RoyalCard» universal prosessinq sistemi ilə bağlı işlərə bir il öncə start verilib. Prosessinq sisteminin əsas məqsədi kart biznesində inkişaf və nağdsız ödənişlərin stimullaşdırılması planlarının yerinə yetirilməsinə rəvac verəcək bankdaxili kart biznesinin idarə edilməsinin strateji əhəmiyyətli proseslərinə nəzarətin tam təmin edilməsindən ibarətdir.

«Bankın müvafiq qərarı «Royal Bank»ın kart biznesinin uğurlu inkişafı üçün istifadə ediləcək ki, bu da öz növbəsində EMV standartlı maqnit və çip kartlarının emissiyası daxil olmaqla, ödəniş kartları biznesi üzrə əməliyyatların səmərəliliyi və keyfiyyətinin artırılmasına, eləcə də lokal kartların buraxılmasına əhəmiyyətli dərəcədə imkan yaradacaq», - deyə S.Əkbərov vurğulayıb.

S.Əkbərovun sözlərinə görə, hazırda bankın dövriyyədə 30 600 aktiv plastik kartı mövcuddur. Strateji planlara uyğun olaraq, yaxın vaxtlarda kartların sayı təxminən iki dəfə artırılaraq 60 minə çatdırılacaq. Burada kredit kartları ilə yanaşı debet kartlarının da emissiyası nəzərdə tutulub.

S.Əkbərov bildirib ki, artıq prosessinq mərkəzinə kartların emissiyası ilə bağlı 4 bank təşkilatı müraciət edib və onlara ilkin razılıq verilib: «Növbəti ildən həmin banklar «RoyalCard» universal prosessinq mərkəzinin üzvü olacaq. Daha 3 bank təşkilatı ilə danışıqlar aparılır və bu ilin sonuna kimi üzvlüklə balı müzakirələr başa çatdırılacaq».

S.Əkbərov qeyd edib ki, mərkəz üzrə 1,5 mln. kart stress-testdən keçirilib. Testin nəticələrinə görə, 1 dəqiqə ərzində 3 000 kart üzrə əməliyyat aparmaq mümkündür: «Bu, stress-testin bizə verdiyi nəticələrdir. Bizim 1 dəqiqə ərzində 15 min kart üzrə əməliyyat aparmaq potensialımız mövcuddur».

Daha sonra tədbirdə «Compass Plus» şirkətinin nümayəndəsi Aleksey Osekov və tərəfdaş kimi layihədə iştirak etmiş «Sysnet Global Solutions» şirkətinin MDB və Şərqi Avropa üzrə nümayəndəsi İqor Lexqodimov «Royal Bank»la mövcud əlaqələrdən danışıb, həmçinin bu mərkəzin yaradılmasında şirkətlərin yaxından əməkdaşlıq etdiyini bildiriblər.

Qeyd edək ki, «RoyalCard» özündə real vaxt rejimində dələduzluq əməliyyatlarının monitorinqini və onların vaxtında qarşısının alınması üzrə proqram modulunu, eləcə də ödəniş terminallarının qoşulma modullarını, ödəniş kartları haqqında məlumatların hazırlanması və kartların şəxsiləşdirilməsini daxil edir.

«RoyalCard»ın məhsulları adi debet və kredit kartları daxil olmaqla unikal kombinələşdirilmiş hibrid kartlaradək ödəniş biznesinin bütün aspektlərinə, habelə loyallıq proqramlarının həyata keçirilməsi imkanlarına sahibdir.

Qeyd edək ki, Azərbaycanda «RoyalCard»la yanaşı daha 4 prosessinq mərkəzi («Azericard», «MilliKart» «Texkart» və «KapitalBank») fəaliyyət göstərir.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 174,850 mln. manat, depozit portfeli 115,444 mln. manat, kredit portfeli 121,597 mln. manat, məcmu kapitalı 19,393 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,639 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR