Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, son illərdə olduğu kimi, bankların kredit portfelində əsas hissə ev təsərrüfatlarına verilən kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi oktyabrın 1-nə 29,4%-ə bərabər olub. Eyni zamanda qeyd olunmalıdır ki, bu göstərici il ərzində 0,2 faiz bəndi azalıb. Ümumilikdə isə istehlak kreditlərinin həcmi son bir ildə 14,4% artaraq 2 631,2 mln. manata çatıb.
Bankların məcmu kredit portfelinin strukturu aşağıdakı kimidir:
Beləliklə, qeyri-istehsal sektoruna aid olan sahələrin məcmu kredit portfelində payı 52%-dən çoxdur ki, bu da bankların kredit əməliyyatlarında maraq və üstünlüklərini aşkar göstərir. Bu göstərici Azərbaycanda fəaliyyətdə olan bankların tez dövretməyə və yüksək gəlirliyə malik olan sahələrin kreditləşməsinə meylli olduğunu əks etdirir. Bu amilin həm müsbət, həm də mənfi tərəfləri var. Belə ki, müsbət tərəfləri kimi dünyada böhranın ikinci dalğasının əsası hesab olunan istehlakın kreditləşməsinin azalmasının qarşısının alınması, yerli istehsalın hələ də zəif olduğu dövrdə ticarət əməliyyatları, o cümlədən pərakəndə ticarətin maliyyə vəsaitlərinə olan tələbatının təmin edilməsini qeyd etmək olar. Mənfi tərəfi isə əsasən ondan ibarətdir ki, bankların real iqtisadiyyatla, istehsalla əlaqələri hələ də zəifdir. Eyni zamanda, bank kreditlərinin investisiyalardan daha baha olduğunu və beləliklə, son istehsalın bahalaşmasını unutmaq olmaz ki, real iqtisadiyyatda xaricdən maliyyələşməyə tələbat adətən məhz investisiya hesabına təmin edilir.