Bank Of Baku

Azərbaycanda kapital bazarlarının ortamüddətli inkişafına dair strateji sənədin layihəsinin təqdimatı keçirilib

Azərbaycanda kapital bazarlarının ortamüddətli inkişafına dair strateji sənədin layihəsinin təqdimatı keçirilib
# 11 noyabr 2010 07:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) və Dünya Bankının (DB) dəstəyi ilə «FIRST Initiative» (Financial Sector Reform and Strengthening Initiative - Maliyyə Sektorunda İslahatların Aparılması və Təkmilləşdirilməsi Təşəbbüsü) proqramı çərçivəsində hazırlanmış Azərbaycanda kapital bazarlarının ortamüddətli inkişafına dair strateji sənədin layihəsinin təqdimatı və müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə QKDK, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank və hökumətin iqtisadi blokunu təmsil edən digər mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri, beynəlxalq təşkilatlar və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının rəhbərləri iştirak edib.
Tədbirdə çıxış edən QKDK-nın sədri Rüfət Aslanlı dayanıqlı iqtisadi artımda maliyyə sektoru, o cümlədən kapital bazarlarının rolundan bəhs edərək, bu əsasda «FIRST Initiative» proqramı çərçivəsində hazırlanmış strateji sənədin əhəmiyyətini vurğulayıb.
Tədbirə həmsədrlik edən DB-nın ölkə meneceri Cozef Oven ölkənin kapital bazarlarının inkişafı istiqamətində növbəti proseslərdə iştirakda DB-nın maraqlı olduğunu və bu layihə çərçivəsində hazırlanmış yeni strategiyaya dair sənədin həmin əməkdaşlığın həyata keçirilməsində əsas ola biləcəyini qeyd edib.
Toplantıda həmçinin DB-nın kapital bazarları sahəsində beynəlxalq eksperti Endi Uilson tərəfindən Azərbaycanda kapital bazarlarının ortamüddətli inkişafına dair strateji sənədin təqdimatı keçirilib. Təqdimatda ölkənin kapital bazarlarının mövcud vəziyyətinin təhlili aparılaraq, bazarın uzunmüddətli inkişaf göstəriciləri, bu göstəricilərin əldə edilməsi üçün müəyyən edilmiş strateji inkişaf istiqamətləri, habelə bu strateji inkişaf istiqamətləri çərçivəsində orta-müddətdə həyata keçirilməsi məqsədəuyğun hesab edilən tədbirlər planının layihəsinə dair ətraflı məlumat verilib.
Bundan sonra yeni inkişaf strategiyasına dair məhsuldar müzakirələr aparılıb, hökumət nümayəndələri və digər iştirakçılar tərəfindən strategiyaya diar tövsiyələr və təkliflər səsləndirilib. Müzakirənin nəticəsi olaraq, Azərbaycan kapital bazarlarının inkişafına dair strategiya sənədinin müvafiq qaydada təkmilləşdirilməsi və onun reallaşması ilə əlaqədar beynəlxalq tərəfdaş təşkilatlar da cəlb edilməklə əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsi qərara alınıb.
Qeyd edək ki, «FIRST Initiative» proqramı 2002-ci ildən Kanada Beynəlxalq İnkişaf Agentliyi (CIDA), Birləşmiş Krallığın Beynəlxalq İnkişaf Departamenti (DFID), Beynəlxalq Valyuta Fondu (IMF), Hollandiya Xarici İşlər Nazirliyi, İsveçrə İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO), İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (SIDA) və Dünya Bankının birgə təşəbbüsü ilə təsis edilib. Proqramın əsas məqsədi aşağı və orta gəlirli ölkələrdə maliyyə sektorlarının formalaşması və inkişafına şərait yaratmaqla yoxsulluğun azaldılmasına və davamlı inkişafa yardımın göstərilməsi, maliyyə sistemlərini gücləndirməyə dəstəyin verilməsi, maliyyə sektorunda tənzimləmənin səmərəli həyata keçirilməsi üçün texniki yardımın göstərilməsi, maliyyə sektorunun inkişafına yönəlmiş prioritet fəaliyyət planlarının hazırlanması və yerinə yetirilməsinə dəstək vermək, həmçinin tədqiqatların aparılmasına və təcrübə seminarlarının keçirilməsinə köməklik etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR