Bank Of Baku

Azərbaycanda banklar stress-testlərdən keçməli olacaq

Azərbaycanda banklar stress-testlərdən keçməli olacaq
# 11 noyabr 2010 11:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı «Banklarda stress-testlərin aparılması haqqında Qaydalar»ın layihəsini hazırlayıb. «APA-Economics»in məlumatına görə, qaydalar stress-testlərin növləri, aparılma metodologiyası, stress-test işinin təşkili və hesabatlığa aid olan məsələləri əhatə edir.

Qaydalara əsasən, banklar operativ qərar qəbul etmənin təmin edilməsi məqsədi ilə ən azı ayda bir dəfə stress-test keçirməlidir. Bank rəhbərliyinin şəxsi nəzarəti altında olan stress-testlər istisna hallarda baş verə biləcək hadisələr üzrə risk amillərinin dəyişməsinin bankın maliyyə durumuna potensial təsirinin qiymətləndirilməsi üçün təşkil olunur. Stress-testlər bankın potensial zəif tərəflərini izləməyə, qiymətləndirməyə və zəruri preventiv tədbirləri müəyyən etməyə imkan verən, risklərin idarə olunması mexanizminin elementlərindən biridir. Stress-test çərçivəsində banklar kəskin zərərə gətirib çıxaran və risklərin idarə edilməsini çətinləşdirən hər bir risk amilini nəzərə almalıdır. Bu faktorlar bazar, kredit, likvidlik və digər risklərin komponentlərini özündə cəmləşdirir.

Qaydalara görə, stress-testlərin keçirilməsi üçün stress-test modeli, o cümlədən stress-testin həyata keçirilməsi zamanı istifadə edilən ehtimallar bankın risklərin idarə edilməsi bölməsi tərəfindən hazırlanmalı, risklərin idarə edilməsi komitəsi tərəfindən ona baxılmalı və Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir. Modelə ən azı ildə bir dəfə, zəruri hallarda isə mütəmadi olaraq yenidən baxılmalıdır. Modeldə istifadə edilən ehtimallara və şoklara hər bir stress-test keçirilərkən fərdi qaydada baxılmalı və təsdiq edilməlidir.

Stress-testlər aparılarkən bir sıra müxtəlif amillər nəzərə alınmalıdır. Bunların sırasında müxtəlif sektorlarda baş verən şok hadisələrinin bankın kredit portfelinə və onun keyfiyyətinə təsiri, ÜDM-də baş verən dəyişikliklərin bankın kredit və depozit portfelinə təsiri, inflyasiya dəyişkənliyinin bank məhsullarının faizlərinə və kredit portfelinə təsiri, müxtəlif məhsulların faiz dərəcələrinə təsiredici amillərdə baş verən dəyişikliklərin həm faiz dərəcələrinə, həm də bankın mənfəətinə, kapitalına, kredit və depozit portfelinə, xarici valyutada olan aktiv və öhdəliklərinə təsiri, qeyri-işlək kreditlərin strukturunda baş vermiş dəyişikliklərin bankın mənfəətinə, kapitalına və likvidliyinə təsiri, iri kreditlərlə bağlı yaranmış problemlərin bankın kredit portfelinə, likvidliyinə və mənfəətinə təsiri, xarici borcların vaxtından əvvəl geri çağırılmasının bankın likvidliyinə təsiri, iri depozitlərin geri çağırılmasının bankın likvidliyinə təsiri, bankda yüksək likvidli vəsaitlərin azalmasının yeni kreditlərə təsiri və s. var.

Stress-testlər nəticəsində isə hədəf kimi hesab oluna bilən göstəricilər sırasında cari ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı balans hesabatı, cari ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı mənfəət və zərər hesabatı, cari dövrdə şoklardan sonrakı ödəniş müddətinin bölgüsü cədvəli, cari ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı kredit portfeli, cari ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı kapitalın adekvatlıq, leverec, ani likvidlik, birinci dərəcəli kapitalın adekvatlıq, ROE, ROA, likvid aktivlərin aktivlərə nisbəti, xalis faiz gəlirinin ümumi gəlirlərə nisbəti və açıq valyuta mövqeyinin kapitala nisbəti əmsallarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR