Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Ölkədə iqtisadi artım davam edəcək

Azərbaycan Mərkəzi Bankı: Ölkədə iqtisadi artım davam edəcək
# 12 noyabr 2010 09:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 2010-cu ilin 9 ayı ərzində öz siyasətini qlobal iqtisadi artımın kövrək və regionlar üzrə qeyri-bərabər bərpası, maliyyə və valyuta bazarlarında yüksək dəyişkənlik, dünya bazarında enerji daşıyıcıların yüksək qiymətləri, ölkə iqtisadiyyatında artımın davam etməsi şəraitində həyata keçirib.

APA-Economics”in xəbərinə görə, bu barədə AMB-nin 2010-cu ilin yanvar-sentyabr üzrə Pul siyasəti icmalında deyilir.

İcmala əsasən, AMB-nin həyata keçirdiyi pul siyasəti, hökumətlə birgə makroiqtisadi sabitliyin qorunması tədbirləri 2010-cu ilin ötən dövründə də ölkədə inflyasiyanın tək rəqəmli səviyyədə qalmasında və iqtisadi artımın davam etməsində mühüm rol oynayıb. Dövr ərzində Mərkəzi Bank özünün məzənnə siyasətini valyuta bazarında təklif kanallarının genişlənməsi şəraitində həyata keçirib, manatın ABŞ dollarına qarşı məzənnəsi sabit qalıb.

Pul təklifinin həcmi iqtisadi artıma adekvat olaraq artıb, Mərkəzi Bank sterilizasiya və bazar əməliyyatları pul kütləsinə azaldıcı təsir göstərən faktorları neytrallaşdırıb. Qlobal və daxili makroiqtisadi mühitin yaxşılaşmasına baxmayaraq AMB potensial risklərin qabaqlayıcı rejimdə neytrallaşdırılmasını daim diqqət mərkəzində saxlayıb.

İcmalda göstərilir ki, cari ilin 9 ayında məcmu tələbin bütün komponentləri, o cümlədən son istehlak xərcləri, investisiyalar və xarici tələb iqtisadi artıma artırıcı təsir göstərib. Ümumi iqtisadi artıma xalis ixracın töhfəsi daha böyük olub. Belə ki, 4,1%-lik iqtisadi artımın 1,7 faiz bəndi xalis ixrac hesabına formalaşıb.

İcmalda hesabat dövrünün yekunları, hökumətin, Mərkəzi Bankın, eləcə də beynəlxalq institutların proqnozlarına görə yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilməsi qeyd olunur. Beynəlxalq Valyuta Fondunun açıqladığı son regional iqtisadi xülasəsində Azərbaycan üzrə iqtisadi artımın cari ilin qalan dövründə və gələn il də davam edəcəyini qeyd edib. Fond ölkə üzrə qeyri-neft sektorunun artımını 2010-cu və 2011-ci illərdə müvafiq olaraq 5,6% və 5% səviyyəsində proqnozlaşdırır. Eyni zamanda AMB tərəfindən aparılan Real sektorun monitorinqi (RSM) də iqtisadi aktivlik üzrə gözləntilərin nikbin olduğunu göstərir. RSM-in nəticələrinə əsasən, ilin əvvəlindən sənaye üzrə istehsal və ticarət üzrə satış gözləntisi indeksi artıma meyllidir. Müsbət gözləntilər xüsusilə sənayenin kimya, tikinti materiallarının istehsalı və toxuculuq sahələrində, ticarətin isə mebel və elektrik məişət avadanlıqlarının satışı seqmentlərində müşahidə edilib. Paralel tendensiyalar xidmət sektorunda da nəzərə çarpır. Xidmət sektorunda ən yüksək pozitiv gözləntilər rabitə və otel biznes sahələrinə aiddir. Gözləntilərin belə müsbət olması sənayedə və ticarətdə realizə olunmamış izafi mal ehtiyatının azalmasında da özünü büruzə verib. Ümumilikdə AMB tərəfindən aparılan RSM-in nəticələri son aylar istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayının yüksəldiyini göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR