Bank Of Baku

«Bank of Baku» ASC-nin İdarə Heyətinə yeni sədr təyin olunub

«Bank of Baku» ASC-nin İdarə Heyətinə yeni sədr təyin olunub
# 30 dekabr 2010 13:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin İdarə Heyətinin sədri Calal Qasımov öz istəyi ilə bankın Müşahidə Şurası tərəfindən vəzifəsindən azad edilib və həmin vəzifəyə İdarə Heyətinin sədri müavini Fərid Əlizadə təyin olunub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, C.Qasımov öz peşəkar karyerasını qeyri-bank sahəsində davam etdirmək niyyətindədir.

Gələn ilin yanvarın 1-dən səlahiyyətlərin icrasına başlayacaq F.Əlizadə 1993-1996-cı illərdə ABŞ-ın «Rutgers University»ndə təhsil alıb və maliyyə ixtisası üzrə magistr dərəcəsinə malikdir. Bundan sonra o, ABŞ-ın «Rice University»ndə MBA dərəcəsini alıb. Peşə fəaliyyətinə 1996-cı ildə ABŞ-da «UNOCAL Corporation» şirkətində başlayıb. Sonrakı dövrlərdə ABŞ-da «Deutsche Bank Securities Inc.», «Reunion Power» və «Rolls Royce Power Ventures» şirkətlərində çalışıb. Azərbaycana 2003-cü ildə qayıdandan sonra «Mcdermott Caspian Contractors Inc.» şirkətində çalışıb, 2005-ci ilin fevralından isə karyerasını «Bank of Baku»da davam etdirir.

F.Əlizadənin sözlərinə görə, bankın böyük planları var ki, bunların 2011-cu ildə həyata keçirilməsi inkişaf yolunda ciddi addımların atılmasına imkan verəcək və bankın rəqabət qabiliyyətini daha da artıracaq.

Qeyd edək ki, 2010-cu ilin dekabrın 1-nə bankın xalis mənfəəti 13,341 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 73% çoxdur. Bankın ROE əmsalı 37,91%, ROA əmsalı isə 6,89%-ə bərabərdir. Bankın kredit portfeli son bir ildə 40% artaraq dekabrın 1-nə 189,183 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 61% artaraq 133,656 mln. manata çatıb. Bankın depozit portfeli 33% artaraq 184,169 mln. manat, o cümlədən əhalinin müddətli əmanətləri 75% artaraq 123,085 mln. manat təşkil edib. «Bank of Baku»nun aktivləri son bir ildə 27% artaraq 240,485 mln. manata çatıb. Hazırda bankın 16 filialı və 1 elektron bölməsi fəaliyyət göstərir, dekabrın 1-nə müştərilərin sayı 199 685 təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR