Bank Of Baku

«Ansar Leasing» şirkəti ötən il lizinq portfelini 16 dəfə artırıb

«Ansar Leasing» şirkəti ötən il lizinq portfelini 16 dəfə artırıb
# 05 yanvar 2011 10:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda İslam İnkişaf Korporasiyasının (ICD) təsisçiliyi ilə yaradılan «Ansar Leasing» şirkətinin portfelinin həcmi 2011-ci il yanvar ayının 1-nə 8 mln. ABŞ dolları təşkil edib ki, bu da 2009-cu ilin yekun göstəricisi ilə müqayisədə 16 dəfə çoxdur. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş meneceri Ceyhun Nağıyev bildirib.

C.Nağıyevin sözlərinə görə, şirkət 2010-cu il ərzində mütərilərə dəyəri 10 mln. dollar olan lizinq avadanlığı verib ki, bu da 2009-cu illə müqayisədə 15,9 dəfə çox olub. Ötən il bağlanan lizinq müqavilələrinin sayı isə 16 dəfə artaraq 160-a çatıb.

C.Nağıyev bildirib ki, indiyədək maliyyələşən bütün layihələr islam prinsiplərinə uyğun həyata keçirilib. Portfeldə kənd təsərrüfatı sektoru üzrə 100 min dollarlıq avadanlıq verilib ki, bunun da 75 min dolları (məcmu portfelin 0,9%-i) «Ansar Leasing» şirkəti tərəfindən maliyyələşib.

Qeyd edək ki, 2010-cu ildə şirkətin ölkə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 2009-cu illə müqayisədə 17 dəfə artaraq 7,5 mln. dollara çatıb. Lizinq portfeli üzrə ödənişlərdə gecikən ödənişlər portfelin 1,5%-ni təşkil edir.

Ötən il ərzində şirkətin lizinq portfelində ictimai nəqliyyat (kommersiya avtomobilləri), tikinti sektoru, istehlak təyinatlı minik avtomobilləri üstünlük təşkil edib.

Xatırladaq ki, ICD tərəfindən yaradılmış «Ansar Leasing» şirkəti dövlət qeydiyyatına 2008-ci il dekabr ayının 12-də alınıb və şirkətin nizamnamə kapitalı 5 mln. manat təşkil edir. Lizinq obyektlərinin maliyyələşdirməsi əməliyyatlarına 2009-cu ilin oktyabr ayından başlayan şirkət, əsasən maliyyə lizinqi xidmətlərinin göstərilməsi ilə məşğul olur və fəaliyyəti şəriət qaydalarına əsaslanır.

Şirkətin maliyyələşdirmə şərtlərinə əsasən, lizinqin alınması üçün ilkin ödəniş 20% olmalıdır, maliyyələşdirmə müddəti isə 12-72 ay müəyyənləşdirilib. Şirkət bir layihə üçün maksimum 150 min dollar vəsait ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR