Bank Of Baku

Azərbaycan Mərkəzi Kredit Reyestrinin rəhbəri: “Reyestrə müraciət daha düzgün borcalanı və daha düzgün qərarı seçməyə imkan verir” - MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Kredit Reyestrinin rəhbəri: “Reyestrə müraciət daha düzgün borcalanı və daha düzgün qərarı seçməyə imkan verir” - <font color=red>MÜSAHİBƏ</font>
# 05 yanvar 2011 10:17 (UTC +04:00)
Elçin Həbibov: “Kreditorun kifayət qədər müsbət tarixçəsi olmayan şəxsə həvəslə iri həcmli kredit verməsi inandırıcı deyil”

Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda Mərkəzi Kredit Reyestri (MKR) yaradılmasından beş il keçir. Ölkədə verilən və verilmiş bütün kreditlər, borcalanlar və zaminlər haqda bütün informasiyalar burada toplanır. Reyestrin fəaliyyəti bankları kredit almaq üçün müraciət etmiş şəxslərin kredit tarixçəsi haqda məlumatlandırmağa yönəlib. Məhz bu strukturun fəaliyyəti nəticəsində Azərbaycanda tədricən kreditin verilməsi və ya kredit verməkdən imtina olunması haqda qərar qəbul edilməsi mədəniyyəti formalaşıb ki, bu da MKR-in əsas uğurlarından biri sayıla bilər. MKR-in rəhbəri Elçin Həbibov qurumun digər uğurları haqqında “APA-Ekonomist” jurnalına müsahibəsində söz açıb.

- Əvvəlki ilə nisbətən 2010-cu ilin ilk 9 ayında ölkə banklarının Mərkəzi Kredit Reyestrinə müraciətləri iki dəfədən çox artıb. Sizcə, belə kəskin artım nə ilə bağlıdır? Sorğuların artmasını banklara kredit üçün müraciət edənlərin sayının artmasının nəticəsi saymaq olarmı?

- Bunun bir neçə səbəbi var. İlk növbədə kredit üçün müraciətlərin sayının artmasına uyğun olaraq MKR-də edilən sorğuların sayının da artması təbiidir. Digər tərəfdən, artıq banklarda müştəriləri qiymətləndirmək üçün müəyyən ənənənin formalaşmasını da qeyd etmək lazımdır. Xüsusilə böhrandan sonrakı dövrdə artıq bankların əksəriyyəti MKR-ə sorğu vermədən kredit qərarlarının verilməsinin nə qədər riskli olduğunu qəbul edirlər. Müqayisə üçün deyək ki, əgər 2008-ci il ərzində MKR-dən 18, 2009-cu il ərzində 37 bank istifadə edirdisə, 2010-cu ildə bankların sayı 41-ə çatıb. Digər banklar isə kredit aktivliyi aşağı olan və ya ümumiyyətlə olmayan banklardır. Əslində MKR də məhz bu məqsədlərə xidmət etmək, yəni borcalanların daha obyektiv qərarlar əsasında qiymətləndirilməsi, mümkün kredit risklərinin minimuma endirilməsi və borcalanların maliyyə intizamına həvəsləndirilməsi yolu ilə kredit imkanlarının genişləndirilməsi üçün yaradılıb. Düşünürəm ki, qarşıdakı illərdə də sorğuların sayındakı əhəmiyyətli artım tendensiyası davam edəcək. Müddət keçdikcə banklar məbləğindən, təminatından və ya məqsədindən asılı olmayaraq, bütün müraciətləri qiymətləndirərkən sorğuları həyata keçirəcəklər. Xüsusilə də bankların özlərinin sorğulara başlamamışdan əvvəl və sonrakı nəticələr barədə verdikləri müsbət statistika bunu deməyə əsas verir.

- Bankların haqqında məlumat almaq istədikləri şəxslərin neçə faizi barədə MKR-də məlumat var? Başqa sözlə, daxil olan sorğuların neçə faizini cavablandırmaq mümkün olur?

- Hər hansı sorğu olunan şəxs haqqında MKR-də məlumatın olmamasının özü də bir məlumatdır. Yəni bu o deməkdir ki, bu şəxs bank sektoruna ilk dəfədir kredit üçün müraciət edir. Amma beynəlxalq praktikada, eləcə də MKR-də Hit-ratio əmsalından istifadə olunur. Yəni sorğu olunan şəxslərin neçə faizi haqqında tarixçə var. MKR-də bu göstərici 61%-dir. Bu, 5 ildir fəaliyyət göstərən Reyestr üçün yaxşı göstərici sayılır. Bu göstərici ildən-ilə dəyişir və Reyestrdə haqqında məlumat toplanan şəxslərin sayı artdıqca bu rəqəm adətən artır. Eyni zamanda yaxın dövrdə bank olmayan kredit təşkilatlarının da MKR-ə qoşulmasından sonra bu göstəricidə ciddi artım proqnozlaşdırırıq.

- Banklar daha çox hansı müştərilər - hüquqi, yoxsa fiziki şəxslər, eləcə də yeni, yoxsa köhnə müştərilər barədə məlumat almaq istəyirlər?

- Fiziki şəxslər haqda sorğular ümumi sorğuların mütləq əksəriyyətini təşkil edir ki, bu da təbii sayılmalıdır. Banklar daha çox yeni kreditlər verilməsi prosesində sorğu verirlər. Bu sorğuların payı ümumi sorğuların təqribən 85%-ni təşkil edir. Rəqəmlərlə desək, 2010-cu ilin ilk 9 ayı ərzində verilmiş 172 100 sorğudan 146 000-ə yaxını bankların potensial borcalanlar haqqında olub. Bununla yanaşı, banklar tərəfindən cari borcalanların təkrar müraciətləri zamanı da sorğular həyata keçirilir. Banklar adətən uzunmüddətli kredit öhdəliyi olan cari borcalanlarının hazırkı maliyyə vəziyyəti ilə tanış olmaq məqsədilə mütəmadi sorğular həyata keçirirlər. Bəzən isə ödənişlərin ləngiməsi halında borcalanın kredit qabiliyyətinin yenidən qiymətləndirilməsi məqsədilə bu imkandan yararlanmağa üstünlük verirlər. MKR-də sorğuların coğrafiyası haqqında məlumat mövcud deyil.

- Reyestrdəki kredit tarixçələrinin neçə faizi neqativ, neçə faizi pozitivdir?

- MKR-də borcalanların hər hansı statuslara bölünməsi həyata keçirilmir. Başqa sözlə, MKR-də məlumatlar neqativ və ya pozitiv olmasından asılı olmayaraq toplanılır. Əsas məqsədimiz bütün borcalanlar haqda məlumatların maksimum dəqiq olmasına çalışmaqdır. Yaxın gələcəkdə hər bir borcalanın hər bir krediti üzrə son 24 ay ərzində ödəniş tərzinin kredit hesabatlarında əks etdirilməsi üzərində işləri tamamlamağı planlaşdırırıq. O halda istənilən kredit hesabatına baxmaqla borcalan haqda ilk baxışdan onun neqativ və ya pozitiv tarixçəyə malik olması barədə fikrin formalaşması mümkün olacaq.
Borcalanların MKR-in daxilində subyektiv təhlillər əsasında müxtəlif kateqoriyalara bölünməsi bir qədər düzgün olmazdı. Bunun kredit təşkilatlarında kredit hesabatlarının təhlili prosesində edilməsi daha məqsədəuyğundur. Lakin kredit tarixçələrinin formalaşması prosesinin tam başa çatmasından sonra bütövlükdə sektordaxili risklərin, habelə kredit təşkilatları səviyyəsində risklərin ölçülməsi üçün müəyyən analitik hesabatların hazırlanmasının mümkün olacağını düşünürəm.

- Ötən ilin ilk 9 ayında Reyestrə göndərilən sorğuların sayında kəskin artım müşahidə olunsa da, burada haqqında məlumat saxlanılan müştərilərin sayında artımın həcmi 25% olub. Bu rəqəmlərə əsasən demək olarmı ki, reyestr artıq bank kredit məsələləri baxımından aktiv olan müştərilərin əksəriyyətini əhatə edir?

- Hər bir bank bütün borcalanları və onların hər bir krediti haqda Reyestrə məlumat ötürməlidirlər. Ötən dövr ərzində buna nail olunub. Düşünürəm ki, sorğuların sayının əhəmiyyətli artımı fonunda borcalanların sayının daha az artım tempi ilə müşahidə olunmasını da təbii qəbul etmək lazımdır. Bu o deməkdir ki, banklar sorğu etdiyi şəxslərin heç də hamısına müsbət cavablar verməyib.

- Son məlumatlara görə, kredit məlumatlarının sayı müştərilərin sayından 2 dəfə artıqdır. Reyestrdə haqqında məlumat toplanmış borcalanlar orta hesabla neçə dəfə kredit alanlardır?

- Bu statistikada nəzərə almaq lazımdır ki, kredit məlumatlarının sayında həm tam ödənilmiş, həm də aktiv kreditlər iştirak edir. Bu prizmadan yanaşsaq, bu rəqəmləri son beş il ərzində bank sektorunda kreditlərin və borcalanların sayı kimi də qəbul etmək olar. MKR bazasında olan məlumatlar əsasında bildirmək olar ki, yalnız aktiv kreditlər üzrə hər borcalana orta hesabla 1,3 kredit məlumatı düşür.

- Reyestrdə haqqında məlumat olan borcalanların neçə faizi Bakıda və regionlardadır?

- Reyestrdə borcalanların ünvanları toplanmadığı üçün bu suala cavab vermək mümkün deyil.

- Bankların bu barədə sorğuları konkret şəxslər haqda olur, yoxsa hansısa qrup və təbəqələri (məsələn, müəllimlər, dövlət qulluqçuları, hərbçilər) də əhatə edir?

- Hər bir sorğu konkret şəxs haqqında həyata keçirilir.

- Reyestr məlumatlarında borcalan haqqında hansı məlumatlar saxlanılır?

- Burada əsasən üç qrup məlumatlar öz əksini tapır - borcalanın eyniləşdirmə məlumatları, kredit məlumatları və kreditin təminatı haqqında məlumatlar. Hesabatda bu məlumatlarla yanaşı, bütün kredit məlumatlarının birləşdirilmiş ümumi icmalı da öz əksini tapır.

- Bəs zaminlər haqqında dosye hansı məlumatları əhatə edir?

- Zaminlər haqqında yalnız onun hansı öhdəliyə və ya öhdəliklərə zamin olması haqda məlumatlar toplanılır. Tətbiqi planlaşdırılan yeni kredit hesabatında şəxsin öz öhdəlikləri ilə yanaşı, zamini olduğu öhdəliklərin də sayı və cəmi məbləği öz əksini tapacaq.

- Zaminlər haqqında məlumatlar da borcalanlar kimi, neqativ və ya pozitiv bölmələrə ayrılır? Neqativ zaminlər kimlərə deyilir?

- Zaminlər barədə hər hansı statusun tətbiqi təcrübəsi ilə tanış deyiləm. Lakin hər bir zaminin öhdəliyinin həcmi və öhdəliklər üzrə pozitiv məlumatların onun haqqında verilən kredit qərarlarına təsir etdiyi şübhəsizdir. Praktika göstərir ki, kredit müraciətçisini qiymətləndirmək üçün şəxs haqqında maksimum məlumatın olması daha düzgün kredit qərarının verilməsinə imkan verir.

- Sizcə, sorğunun nəticələri bankların kredit verib-verməmək barədə qərarlarına nə dərəcədə ciddi təsir edir? Bu, bütün hallarda baş verir, yoxsa kreditin növündən asılı olur?

- Bu, banka, onun kredit və risk siyasətinə adi olan məsələdir. Amma ümumiyyətlə, fiziki şəxslər haqqında kredit qərarları verilərkən onun tarixçəsi, malik olduğu öhdəlikləri xüsusilə əhəmiyyətli çəkiyə malikdir. Son vaxtlar beynəlxalq praktikada aşırı borclanma problemlərinin daha tez-tez səslənməsi, bununla bağlı çoxsaylı modellərin və skorinq sistemlərinin hazırlanması bu arqumenti daha da gücləndirir. Mikro kreditlərin verilməsi prosesində hər hansı kreditorun borcalanın öhdəlikləri və tarixçəsi haqda məlumatsız olaraq kredit qərarı verməsi kreditorun özünü, şəxsin borclu olduğu digər kreditorların və eyni zamanda borcalanın da risklərini əhəmiyyətli dərəcədə artırır. Böyük həcmli biznes və korporativ kreditlərdə isə kreditin likvid təminatının olması ümumi qərarda daha yüksək çəkiyə malik olur. Lakin kreditorun kifayət qədər müsbət tarixçəsi olmayan şəxsə həvəslə iri həcmli kredit verməsi inandırıcı deyil. Qərar qəbul edilməsi prosesində bütün bunların dəqiqləşdirilməsinin qəbul olunmuş bir yolu var - borcalanın kredit hesabatının əldə olunması.

- Banklar girovla kredit verərkən Reyestrə müraciət edirlər?

- Bəli, əksər hallarda bunu edirlər. Yüksək likvidli girovun olmasının kredit qərarının verilməsində əhəmiyyəti yüksək olsa da, borcalanın kredit hesabatı daha düzgün qərarın verilməsinə imkan yaradır.

- Bu gün formalaşan hüquqi münasibətlər baxımından banklar istənilən müştərini məhkəmə yolu ilə də olsa, kreditini qaytarmağa məcbur edə bilirlər. Belə olan halda Reyestrə müraciət nəyi dəyişir?

- Reyestrə müraciət daha düzgün borcalanı və daha düzgün qərarı seçməyə imkan verir. Praktika göstərir ki, əksər mübahisəli məsələlərdə kreditorlar məhkəmə yolu ilə kreditin qaytarılmasına məcbur etməni və ya öhdəliyin girova yönəldilməsini ən son vasitə kimi istifadə edirlər və bu proses onlar üçün xərcsiz başa gəlmir. Kreditor üçün kreditin müqavilədə göstərilmiş şərtlər əsasında qaytarılması ən uğurlu variantdır. Bu, bizim təcrübədə də istisna deyil.

- Reyestrə öz kredit tarixçələri barədə məlumat almaq istəyənlər müraciət edirmi? Bu müraciətlərin səbəbi nədir?

- Keçən ilin yanvar-sentyabr ayları ərzində 217 şəxs öz kredit hesabatını əldə etmək üçün Reyestrə müraciət edib. Şəxslərin özləri haqqında toplanmış məlumatları əldə etmək istəməsinin bir neçə səbəbi var. Bunlar əsasən ölkədən miqrasiya edən şəxslərin ölkə banklarına borclarının olmadığının göstərilməsi zərurəti, şəxsin özü haqqında toplanmış məlumatları təqdim etmiş bankların adlarının rəsmi öyrənilməsi, kredit müraciəti etmiş və ya etməkdə olan şəxsin onun hesabatındakı məlumatların dəqiqliyinin yoxlanmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR