Bank Of Baku

Amerikalı professor: “Avronun axırı çatıb”

Amerikalı professor: “Avronun axırı çatıb”
# 08 yanvar 2011 11:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Qarşıdakı iki ildə Avropanın bir neçə kiçik ölkəsi və azı bir böyük ölkə avrozonanı tərk edəcək. “APA-Economics”in məlumatına görə, bu barədə ABŞ-ın iqtisadi araşdırmalar üzrə Milli Bürosunun əməkdaşı, Kolumbiya Universitetinin professoru Çarlz Kalomiris “Foreign Policy” nəşrində dərc olunmuş məqaləsində bildirib.

Müəllif qeyd edir ki, “böhran avrozonanın gələcəyinin çətin olduğunu aydınlaşdırdı, Avropa Birliyinin rəhbərləri vəziyyəti nəzarətdə saxlamağa çalışsalar da, çox güman ki, qarşıdakı 1-2 ildə bir neçə ölkə avrodan imtina edəcək”.

Professor avronun süqutunu sadə hesablamalarla əsaslandırır: “Dövlət borcu/ÜDM əmsalının elə bir həddi var ki, ona çatanda ölkə borclarını və onlara hesablanan faizləri ödəmək üçün lazımi qədər vergi yığa bilmir”. Bu həftə isə Avropanın daha bir ölkəsində - Portuqaliyada vəziyyət avronun sabitliyi üçün təhlükə yaratmağa başlayıb.

Ç.Kalamarisin fikrincə, hazırda həm Yunanıstan, İrlandiya və Portuqaliya kimi “əyalət” ölkələri, həm də İspaniya, İtaliya və Fransa kimi iri ölkələr uçurumun kənarındadırlar: “Qarşıdakı iki ildə bir neçə əyalət ölkəsi və azı bir iri ölkə avrozonanı tərk edəcək. Onların arasında avrozonanı tərk etmək üçün ən real namizəd Yunanıstandır. Bu ölkənin borcu tezliklə ÜDM-in 150%-nə çatacaq. Sonrakı namizəd İrlandiyadır - burda daşınmaz əmlak bazarında köpük partlayıb və banklar böyük ziyana düşüb”.

İrlandiyadakı prosesləri yada salan müəllif AB-nin məsələyə qarışmasının ağır fəsadlar verdiyini bildirir: “İndi də İspaniyanı bu yolla getməyə məcbur edirlər. İtaliya da çətin ki, avrozonada qala bilsin: siyasi parçalanma iqtisadiyyatda sərt tədbirlər görməyə imkan vermir”.

Ç.Kalamaris bildirir ki, indi Avropa ölkələri həmin ölkələrin avrozonada qalmasına çalışmaqdansa, növbəti mərhələ haqda düşünməlidirlər: “Yəni həmin ölkələr özlərinə gələndən sonra avrozonaya qayıdanda möhkəm valyuta birliyinin əsası qoyulmalıdır. Lakin avrozonada xərclərə mərkəzləşmiş nəzarət olmasa, birlik alınmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR