Bank Of Baku

Ötən il Azərbaycanda gömrük qaydalarının pozulması faktları üzrə 1,343 mln. manatlıq cərimə tətbiq olunub

Ötən il Azərbaycanda gömrük qaydalarının pozulması faktları üzrə 1,343 mln. manatlıq cərimə tətbiq olunub
# 15 yanvar 2011 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda aşkar olunmuş 16 951 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 509 hüquqi şəxs (o cümlədən, 153 xarici hüquqi şəxs) və 16 471 fiziki şəxs (o cümlədən, 10 569 xarici) inzibati məsuliyyətə cəlb edilib. Bununla bağlı, göstərilən şəxslərə qarşı 1 342 659 manatdan çox cərimə tətbiq olunmaqla, dəyəri 179 143 manat olan mallar müsadirə edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) «APA-Economics»ə verilən məlumata görə, gömrük qaydaları əleyhinə inzibati xətalar əsasən malların və nəqliyyat vasitələrinin vaxtında çatdırılmaması, gömrük sərhədindən gömrük nəzarətindən gizli və kənar keçirilməsi, bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi, müvəqqəti idxalı, aksiz markasız idxalı, gömrük ödənişlərindən yayınma ilə əlaqədar olub.

Bundan başqa, 2010-cu ildə Azərbaycan və İran vətəndaşları tərəfindən Azərbaycanın ərazisindən tranzit keçirilməklə hava nəqliyyatı ilə (Bakı-İstanbul, Bakı-İstanbul-Kuala-Lumpur, Bakı-Moskva-Banqkok aviareysləri ilə) digər ölkələrə metamfetamin maddəsinin qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdlərlə bağlı 4 fakt aşkar edilib, 17,272 kq güclü təsirə malik metamfetamin psixotrop maddəsi qanunsuz dövriyyədən çıxarılıb.

DGK-nin və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2010-cu ilin III rübü ərzində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində beynəlxalq poçt göndərişləri vasitəsilə Kanada, İsveç və Yunanıstana göndərilməsi nəzərdə tutulmuş, gömrük nəzarətinin çətinləşdirilməsi məqsədilə narkoqaçaqmalçılar tərəfindən xüsusi hazırlanmış 24 ədəd poçt bağlamalarından və bu narkokanalın təşkilatçıları olan şəxslərin yaşadığı ünvanlardan 16 fakt üzrə 28,855 kq tiryək, 10,170 kq heroin olmaqla, ümumi çəkisi 39,025 kq narkotik vasitə, 1 ədəd PSM sistemli «Makarov» tipli tapança və onun patronları, eləcə də cinayətin hazırlanması üçün istifadə olunan müxtəlif alət və vasitələr aşkar olunaraq götürülüb. Qeyd olunan narkokanalın təşkilatçılarından və transmilli mütəşəkkil cinayətkar dəstənin üzvlərindən olan İran vətəndaşı Ezzataddin Mostafavi və Azərbaycan vətəndaşı Elçin Cəfərov barəsində cinayət işi qaldırılmaqla onlar həbs olunub. Narkotiklərin təyinat ölkələrinin gömrük xidmətləri və aidiyyəti beynəlxalq təşkilatlar faktla bağlı məlumatlandırılıb.

Eyni zamanda, DGK-yə daxil olmuş əməliyyat məlumatı əsasında Rusiya Federal Gömrük Xidməti ilə birlikdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avqust ayında Həştərxan limanında, İrandan Rusiyaya beynəlxalq dəniz yükdaşımalarını həyata keçirən «Vəfa» adlı gəmidə, qranit və digər üzlük daş partiyalarının içərisində 30 bağlamada 49,995 kq həşiş aşkar edilərək götürülüb, Rusiyanın Sankt-Peterburq və İvanovo şəhərlərində bu narkokanalın təşkilatçıları olan İran və Rusiya vətəndaşları tutularaq barələrində müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR