Bank Of Baku

Azərbaycanda bank depozitləri dekabrda artıb

Azərbaycanda bank depozitləri dekabrda artıb
# 27 yanvar 2011 13:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş depozitlərin həcmi 2011-ci il yanvar ayının 1-nə 5 448,8 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə nisbətən 794,6 mln. manat və ya 17,1% çoxdur. Təkcə dekabr ayında depozitlərin artımı 697,8 mln. manat və ya 14,7% təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, depozitlərin tərkibində ev təsərrüfatlarının depozitləri (əhalinin əmanətləri) 3 029,8 mln. manat, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 2 419 mln. manata bərabər olub. Beləliklə, depozitlərin strukturunda fiziki şəxslərin əmanətlərinin xüsusi çəkisi 55,6%-ə bərabərdir.

Qeyd edək ki, ev təsərrüfatları üzrə depozitlərin illik artım tempi 29,8% təşkil etdiyi halda, qeyri-maliyyə təşkilatlarının depozitləri il ərzində 4,3% artıb. Eyni zamanda, dekabrda fiziki şəxslərin əmanətləri 161,4 mln. manat və ya 5,6%, hüquqi şəxslərin depozitləri isə 536,4 mln. manat və ya 28,5% artıb.

Göründüyü kimi, depozitlərin artımının əsas hissəsi hüquqi şəxslərin depozitlərinin payına düşür ki, bu da öz növbəsində əsasən dekabr ayında baş verib. Belə ki, şirkət və müəssisələr ilin sonuna vəsait toplamağa çalışıb və bu, hər il müşahidə olunur. Nəticədə, analoji aktivlmikdən sonra növbəti ayda, yəni yanvarda azalma baş verir, çünki hüquqi şəxslərin müxtəlif ödəmələri məhz ilin əvvəlində aparılır ki, bu da ilk növbədə depozit hesablarında toplanılmış vəsaitlər hesabına həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR