Bank Of Baku

Azərbaycan bank sistemində ROA əmsalı kəskin azalıb

Azərbaycan bank sistemində ROA əmsalı kəskin azalıb
# 01 fevral 2011 13:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları üzrə aktivlərin mənfəətlilik əmsalı (ROA – Return on Assets) 2010-cu ildə kəskin azalıb. «APA-Economics» tərəfindən Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında aparılmış hesablamalar bu əmsalın 2010-cu ilin nəticələri üzrə 1,1%-ə bərabər olduğunu göstərir. Belə ki, ötən ilin nəticələrinə görə, bankların vergi ödənilənədək mənfəəti 140,1 mln. manat, 2011-ci ilin yanvarın 1-nə məcmu aktivləri isə 13,291 mlrd. manat təşkil edib.

Qeyd edək ki, 2009-cu ilin yekunlarına görə, bankların vergi ödənilənədək mənfəəti 281,09 mln. manat, məcmu aktivləri isə 11,665 mlrd. manat olub. Beləliklə, 2009-cu ilin nəticələrinə görə, Azərbaycan bank sistemi üzrə ROA əmsalı 2,4%-ə bərabər olub. Göründüyü kimi, 2010-cu il ərzində bu əmsal 2,2 dəfə azalıb.

Məlum olduğu kimi, ROA əmsalının dinamikasına mənfəətin və aktivlərin dinamikası təsir edib. Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu mənfəəti əvvəlki ilə nisbətən 2 dəfə, yəni 281,1 mln. manatdan 140,1 mln. manatadək azalıb. Eyni zamanda, aktivlərin həcmi 13,9%, yəni 11,665 mlrd. manatdan 13,291 mlrd. manatadək artıb. Nəticədə, ROA əmsalı kəskin enib.

«Ekonomist» analitik jurnalının ekspertləri «APA-Economics»ə açıqlamasında bildiriblər ki, bu enmənin əsas səbəbi aktivlərin artması ilə deyil, məhz mənfəətin azalması ilə bağlıdır: «Bu isə ilk növbədə bankların maliyyə fəaliyyətinin nəticələri baxımından 2010-cu ilin uğursuz olması ilə əlaqəlidir. Belə ki, 2009-cu ilin yekunları ilə müqayisədə bankların faiz mənfəəti 11,5% azalıb, qeyri-faiz zərəri isə 16,4% artıb. O cümlədən, faiz gəlirləri cəmi 2% artdığı halda, faiz xərcləri 18,5% artıb, qeyri-faiz əməliyyatlarında isə gəlir və xərclər üzrə artım templəri müvafiq olaraq 5% və 9,2% olub. Bunun əsas səbəbi bankların kreditləşmədə, xüsusən də banklara ən yüksək faiz gəliri gətirən istehlak kreditləşməsində paasivliyi ilə bağlıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR