Bank Of Baku

Azərbaycan fond bazarında ticarət əməliyyatları sistemi təkmilləşdirilib

Azərbaycan fond bazarında ticarət əməliyyatları sistemi təkmilləşdirilib
# 01 fevral 2011 14:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjası (BFB) və Milli Depozit Mərkəzinə (MDM) təqdim olunmuş yeniliklər əsasında bazarda ilk əqdlər bağlanıb.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Depozitar fəaliyyətin həyata keçirilməsi Standartları» və «Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi Qaydaları»na əlavə və dəyişikliklər edilib: «Bu dəyişikliklərin qüvvəyə minməsi ilə Azərbaycan qiymətli kağızlar bazarının iki mərkəzi peşəkar iştirakçısı olan BFB və MDM arasında münasibətlərin yeni mərhələsi başlayıb. Belə ki, bu gün qiymətli kağızlar bazarının iştirakçılarına təqdim olunmuş yeniliklər əsasında bazarda ilk əqdlər bağlanıb».

Qiymətli kağızlar bazarında ticarət arxitekturasının və institutlararası münasibətlərin sadələşdirilməsi və avtomatlaşdırılması məqsədilə BFB, MDM və digər peşəkar bazar iştirakçıları arasında sənəd dövriyyəsi tam olaraq elektronlaşdırılıb. Bu layihənin icrası mütəşəkkil fond bazarında bütün növ qiymətli kağızlar üzrə sifarişlər sisteminin və əqdlərin icra sürətinin dəfələrlə artmasına və beləliklə əqdlərin kəmiyyət göstəricisinin yüksəlməsinə imkan yaradıb. Bundan sonra brokerlər ticarət zamanı bir interfeysdən istifadə edə və gün ərzində bir qiymətli kağızla istənilən sayda ticarət əməliyyatı apara biləcək.

Dünya kapital bazarlarının sürətli inkişafı və yüksək rəqabətlilik şəraitində BFB yerli qiymətli kağızlar bazarının davamlı inkişafının təmin edilməsi məqsədilə qlobal kapital bazarlarının ticarət arxitekturasının təkmilləşdirilməsi və bu sahədə tətbiq edilən yeni IT texnologiyaları sahəsində baş verən yenilikləri ardıcıl şəkildə izləyir. Bazar daha da inkişaf etdikcə meydana çıxan yeni ehtiyacların və çağırışların həlli məqsədilə birja tərəfindən bundan sonra da beynəlxalq təcrübənin ən müasir nailiyyətləri öyrəniləcək və tətbiqi imkanları araşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR