Bank Of Baku

Azərbaycandakı sığorta şirkətləri Misirə səfərlə bağlı müraciət edən vətəndaşları sığortalamayacaq

Azərbaycandakı sığorta şirkətləri Misirə səfərlə bağlı müraciət edən vətəndaşları sığortalamayacaq
# 02 fevral 2011 13:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin bəziləri Misirə səfərlə bağlı müraciət edən vətəndaşları sığortalamaqdan imtina edir. «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti İdarə Heyətinin sədr müavini Aftandil Hacıyevin «APA-Economics»ə verdiyi məlumata görə, Misirdə iğtişaşların törədilməsi və ictimai-siyasi vəziyyətin gərginləşməsi ilə bağlı «Azərsığorta» şirkəti Misirə səfərlə bağlı müraciət edən vətəndaşları sığortalamır.

«Alfa Sığorta» şirkəti Direktorlar Şurasının sədri Xəyal Məmmədxanlının sözlərinə görə, indiyədək şirkətə Misirə səfərlə bağlı müraciət edən vətəndaş olmayıb: «Əgər hazırda həmin ölkəyə səfərlə bağlı belə bir müraciət olarsa şirkət həmin müraciətə baxmayacaq».

«AXA MBASK» sığorta şirkətinin korporativ satış üzrə mütəxəssisi Azad Məhərrəmov bildirib ki, digər sığorta şirkətlərində olduğu kimi, «AXA MBASK» da Misirə səfərlə bağlı müraciətlərin baxılmasına qadağa qoyub. «Həmin ölkədə sığorta riski böyük olduğu üçün şirkət bu cür riskləri qəbul edə bilməz. Bu səbəbdən daxil olan müraciətlər cavabsız qalacaq», - deyə A.Məhərrəmov qeyd edib.

Eyni zamanda, «Atəşgah Sığorta» şirkəti marketinq şöbəsinin rəisi Aydın Əhmədzadənin sözlərinə görə, Misirə səfərlə bağlı şirkətə müraciət edən vətəndaşlar «Atəşgah Sığorta» şirkəti tərəfindən sığortalanacaq. «Misirdəki mövcud vəziyyəti nəzərə alaraq sığortalanan şəxsə sığorta hadisəsi ilə bağlı ödəniş verilməyəcək. Belə ki, şirkətin səfər sığortası üzrə müqaviləsində «vətəndaş siyasi vəziyyətin, o cümlədən iğtişaşların olduğu ölkəyə bilərəkdən gedərsə, bu zaman şirkət həmin şəxsə sığorta ödənişi etməkdən imtina edəcək» müddəası qeyd olunub», - deyə A. Əhmədzadə bildirib.

Xatırladaq ki, Qahirədə baş verən iğtişaşlar zamanı Azərbaycanın Misirdəki səfirliyinin bir əməkdaşı həlak olub, 100-dən artıq soydaşımız isə xüsusi təşkil olunmuş aviareyslə Azərbaycana qayıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR