Bank Of Baku

Azərbaycan parlamenti yeni Gömrük Məcəlləsinin müzakirəsinə başlayıb

Azərbaycan parlamenti yeni Gömrük Məcəlləsinin müzakirəsinə başlayıb
# 03 fevral 2011 13:26 (UTC +04:00)
Bakı. Rəşad Sülemanov – APA. Bu gün Azərbaycan Milli Məclisinin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə keçirilən iclasında yeni Gömrük Məcəlləsinin layihəsi müzakirə olunub.

APA-nın məlumatına görə, iclasda çıxış edən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan bu gün Ümumdünya Gömrük Təşkilatının üzvüdür. Azərbaycanda artıq formalaşmış, müasir informasia texnologiyaları ilə təchiz edilmiş gömrük sistemi qurulub. Yeni Gömrük Məcəlləsinin hazırlanması da məhz bu yeniliklərlə bağlıdır. Sənəd 396 maddədən ibarətdir.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə qeyd edib ki, ilk Gömrük Məcəlləsi 1997-ci ildə qəbul olunub. Azərbaycan gömrük xidmətinin fəaliyyəti barədə məlumat verib.

DGK sədri bildirib ki, sənədin müəllifləri Avstraliya, Kanada, Türkiyə və Yeni Zelandiyadandır. Məcəllə hazırlanarkən tender keçirilib və dövlət təşkilatlarında çalışmayan ekspertlər cəlb olunub. Sənəd 22 fəsildən ibarətdir. Burada gömrük orqanlarının hüquq və vəzifələri, gömrük prosedurları, gömrük sərhədindən malların keçirilməsi, xarici ticarət dövriyyəsi və s., həmçinin gömrük təmsilçiliyi, mənşə ölkəsi, məlumatların mübadiləsi, elektron məlumat sistemi, gömrük və digər bəyannamələrin tərtib olunması, yoxlanılması, gömrük tarifi və malların təsnifatı, gömrük borcu və borcun ləğv ediləsi qaydaları, qiymətləndirmə, risklərin təhlili və s. əksini tapıb. A.Əliyev bu məcəllənin Avropa İttifaqı və digər qabaqcıl ölkələrin sənədlərindən fərqlənmədiyini vurğulayıb.

A.Əliyev deyib ki, məcəllədə əksini tapan bir sıra məsələlər, o cümlədən gömrük rejimi ilə bağlı anlayışlar digər sənədlərdə açıqlanacaq.

«2013-cü ilə qədər Azərbaycanın qanunvericiliyi, xüsusilə iqtisadi qanunvericilik Avropa standartlarına uyğunlaşdırılmalıdır. Gömrük Məcəlləsi Azərbayanda Avropa İttifaqının standartlarına cavab verən ilk məcəllədir», - deyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Komitə sədri onu da vurğulayıb ki, sənəddə əsas müddəalardan biri də şikayətvermə ilə bağlı müddəalardır. Ə.Hüseynli bildirib ki, layihədə göstərilən 30 gün şikayətə baxılma müddəti inzibati prosesual qanunvericiliyə uyğunlaşdırılmalıdır.

Millət vəkilinin təklifini cavablandıran A.Əliyev onu da deyib ki, 30 gün çoxdur. Amma müəyyən hallar olur ki, həmin vəziyyətdə bu müddət ehtiyac yaranır.

Z.Səmədzadə onu da qeyd edib ki, Məcəllə yaz sessiyasında qəbul olunacaq.

Daha sonra deputatlar sənəd layihəsi barədə fikir və təkliflərini bildiriblər. Layihə parlamentin müzakirəsinə təklif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR