Bank Of Baku

«Aqrarkredit» ötən il kredit portfelini 8% artırıb

«Aqrarkredit» ötən il kredit portfelini 8% artırıb
# 04 fevral 2011 08:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrarkredit» qeyri-bank kredit təşkilatının aktivləri 2011-ci il yanvar ayının 1-nə 26,642 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə olan göstərici ilə müqayisədə 5,2% çoxdur.

«Aqrarkredit»dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində təşkilatın kredit portfelinin həcmi 8,3% artaraq 16,9 mln. manata, məcmu kapitalı 3,3% azalaraq 13,800 mln. manata, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 18,535 mln. manat təşkil edib.

«Aqrarkredit»dən bildirib ki, təşkilat ötən il ərzində öz vəsaiti hesabına kənd yerlərinin kreditləşməsi məqsədilə 652 sahibkarlıq subyektinə 6,234 mln. manat, o cümlədən heyvandarlığın inkişafına 2,665 mln. manat, bitkiçiliyə 559 min manat, ticarət və xidmət sahələrinə 2,714 mln. manat və digər sahələrə 297 min manat həcmində kredit ayırıb. Həmçinin, müvəkkil kredit təşkilatı olaraq Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2010-cu ildə 162 sahibkarlıq subyektinə 2,351 mln. manat kredit verilib. Bundan başqa, «Aqrarkredit» Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) maliyyələşdirdiyi «Şimal-şərq inkişaf layihəsi»nin davamı olan Abşeron, Xızı və Şabran rayonlarını əhatə edən layihəni də icra edir. Bu layihə çərçivəsində ötən il ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan 135 fiziki şəxsə və borcalan qruplarına 351 min manat həcmində kredit verilib. Eyni zamanda, IFAD-ın maliyyələşdirdiyi digər «Şimal-qərb kənd inkişaf layihəsi» üzrə 106 borcalan qrupuna və fərdi sahibkara 309 min manat kredit ayrılıb.

Qeyd edək ki, ötən il ərzində təşkilatın ümumi gəlirləri 48% artaraq 6,181 mln. manata, xərcləri isə 49% artaraq 6,096 mln. manata çatıb. Nəticədə, təşkilatın 2010-cu il ərzində əldə etdiyi mənfəətin həcmi 4,3% azalaraq 112 min manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Azərbaycan Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Hazırda qurumun ölkə üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR