Bank Of Baku

Bakıda Azərbaycan Korporativ İdarəetmə Standartlarının təqdimatı keçirilib

Bakıda Azərbaycan Korporativ İdarəetmə Standartlarının təqdimatı keçirilib
# 07 fevral 2011 09:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Korporativ İdarəetmə Standartlarının təqdimat mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev sözügedən Standartların əhəmiyyətindən danışıb və qeyd edib ki, Standartlar layihəsi İqtisadi İnkişaf Nazirliyi, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Bakı Fond Birjasının nümayəndələrindən ibarət olan işçi qrupu tərəfindən hazırlanıb: «Tövsiyə xarakteri daşıyan Azərbaycan Korporativ İdarəetmə Standartları ölkədə fəaliyyət göstərən sahibkarların işinin keyfiyyətinin yaxşılaşdırılması üçün imkan yaradacaq».

Tədbirdə çıxış edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov Standartların tətbiqinin kommersiya təşkilatları ilə yanaşı, qiymətli kağızlar bazarının inkişafı, səhmdarların hüquqlarının müdafiəsi sahəsində də önəmli olacağını vurğulayıb.

İsveçrənin Azərbaycandakı səfiri xanım Sabin Ulmann və IFC-nin nümayəndələri çıxış edərək sənədin əhəmiyyətindən danışıb və onun hazırlanmasında beynəlxalq təşkilatların dəstəyini qeyd ediblər.

Standartların təqdimatı ilə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə bu Standartların tətbiqinin sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin tərkib hissəsi olduğunu bildirib, şirkətlərin səmərəli, daha şəffaf idarə olunması üçün optimal fəaliyyətin təşkilinə yardım edəcəyini vurğulayıb: «Standartların tətbiqi həmçinin korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması üçün şərait yaradacaq, kommersiya təşkilatlarının korporativ idarə edilməsinin təkmilləşdirilməsində yardım olacaq. Bu isə öz növbəsində bu təşkilatların fəaliyyətinin keyfiyyətcə yaxşılaşdırılmasına şərait yaradacaq».

Tədbir zamanı Qlobal Korporativ İdarəetmə Forumunun rəhbəri Filip Armstronq və IFC-nin layihə menecerinin müavini Anar Əliyev Standartların mahiyyəti barədə məlumat verib, bu Standartların yerli şərait və şərtlərə maksimal dərəcədə uyğun hazırlandığını, qabaqcıl korporativ idarəetmə təcrübəsinin yayılmasında Standartların rolunu qeyd ediblər.

Qeyd edək ki, Azərbaycan Korporativ İdarəetmə Standartları yerli şirkətlərin idarəetmə ilə bağlı üzləşdiyi problemlərin həllinə dair zəruri vasitə və mexanizmləri əhatə edir, səhmdarların hüquqlarının qorunması, idarəetmə orqanları arasında tarazlığın yaradılması, şəffaflığın təmin olunması və bu kimi digər qabaqcıl korporativ idarəetmə prinsiplərini özündə əks etdirir. Könüllü xarakter daşıyan bu Standartlar korporativ idarəetmə sahəsində mövcud qanunvericiliklə tənzimlənməyən münasibətlərə aydınlıq gətirir və qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqinə xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR