Bank Of Baku

Azərbaycan prezidenti Sınıqkörpü sərhəd gömrük məntəqəsinin açılışında iştirak edib

Azərbaycan prezidenti Sınıqkörpü sərhəd gömrük məntəqəsinin açılışında iştirak edib
# 09 fevral 2011 12:04 (UTC +04:00)
APA-nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev prezident İ. Əliyevə məlumat verərək bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük sistemində də davamlı inkişaf gedir. Gömrük xidməti daha da müasirləşir, işçilərin sosial və iş şəraitlərinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Əsaslı şəkildə yenidən qurulmuş Sınıqkörpü sərhəd gömrük məntəqəsi də bu qəbildən olan işlərin davamıdır.

Azərbaycandan Gürcüstana əsas keçid məntəqəsi olan və sərhəd qapısı funksiyasını yerinə yetirən, müasir standartlara cavab verən yeni gömrük məntəqəsinin inşası 2010-cu ilin oktyabrında başa çatdırılıb. Yenidənqurma işləri zamanı burada geniş abadlıq-quruculuq işləri görülüb. Məntəqənin ərazisində yardımçı binalarla yanaşı, üçmərtəbəli inzibati bina da tikilib. Sərhəd gömrük məntəqəsindən gün ərzində yüzlərlə avtomobil və minlərlə insan keçir. Cənubi Qafqaz regionunda bu cür müasir sərhəd gömrük məntəqələri yalnız Azərbaycandadır.

Dövlət başçısı gömrük məntəqəsinin əvvəlki və indiki vəziyyətini əks etdirən fotoguşəyə baxıb.

Prezident İ. Əliyevə məlumat verilib ki, gələcəkdə ərazidə yeni yük terminalı tikiləcək. Regionda ən böyüklərdən olacaq terminalda məhsulların saxlanması üçün soyuducu anbarlar, sərnişinlərin qalması üçün otel, habelə ofis də inşa olunacaq.

Gömrük məntəqəsinin inzibati binası ilə tanışlıq zamanı məlumat verilib ki, burada əməkdaşların nəzəri biliklərinin artırılması üçün sinif otaqları da var. Əməliyyat otağı ən zəruri və müasir texniki avadanlıqla təchiz olunub.

Gömrük məntəqəsinin ərazisində quraşdırılmış xüsusi rentgen aparatından dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Həmin aparat vasitəsilə nəqliyyat vasitələrindəki bütün yükləri aydın görmək mümkündür. Bu isə qaçaqmalçılıq yolu ilə daşınan malların aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır.

Hazırda məntəqədə 4 gömrük nəzarəti xətti var. Onların ikisi ixrac, ikisi isə idxal gömrük nəzarətini həyata keçirir. Məntəqədə vahid pəncərə sistemi yaradılıb, burada yük, maliyyə, yol vergiləri şöbələrinin əməkdaşları çalışırlar. Sanitar karantin, fitosanitar və baytar nəzarəti xidməti də burada yerləşir.

Prezidentə Sınıqkörpü tarixi-memarlıq abidəsi haqqında da məlumat verilib. Bildirilib ki, XII əsrin yadigarı olan bu abidə uzun illər ərzində Azərbaycanı Gürcüstanla əlaqələndirən keçid məntəqəsi rolunu oynayıb. İndi dövlət əhəmiyyətli abidə kimi qorunan körpüdə gələcəkdə bərpa işlərinin aparılması nəzərdə tutulur.

Sərhəd gömrük məntəqəsi ilə tanışlıqdan sonra dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR