Bank Of Baku

Vergilər Nazirliyi Quba və Sumqayıtda vergi ödəyiciləri ilə görüşlər keçirib

Vergilər Nazirliyi Quba və Sumqayıtda vergi ödəyiciləri ilə görüşlər keçirib
# 14 iyun 2011 07:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan vergilər nazirinin müavini Sahir Məmmədxanov Quba və Sumqayıt şəhərlərində vergi ödəyiciləri ilə görüşlər keçirib. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşlərdə həmin rayonların icra hakimiyyəti rəhbərliyi, millət vəkilləri və ətraf rayonlardan olan vergi ödəyiciləri iştirak edib.

S.Məmmədxanov prezident İlham Əliyevin dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıqlarını xatırladıb. Nazir müavini bildirib ki, yerlərdə ictimaiyyətin nümayəndələri və sahibkarlarla görüşlərin keçirilməsi, onların problemlərinin bilavasitə rəhbər vəzifəli şəxslər tərəfindən dinlənilməsi bu istiqamətdə görülən tədbirlərdəndir.

S.Məmmədxanov bildirib ki, bu görüşlər sahibkarların problemlərinin yerindəcə həll edilməsi, onların qaldırdıqları sualların cavablandırılması və nəticədə dövlət büdcəsinə ödənişlərin vaxtında və tam həcmdə həyata keçirilməsi baxımından çox faydalıdır.

Nazir müavini bildirib ki, yerli vergi orqanları əməkdaşlarına aid istənilən şikayət nəzarətə götürülür və qısa müddət ərzində araşdırılaraq müvafiq tədbirlər görülür. Vətəndaşların müraciətlərinə baxılması və onların vaxtında və düzgün cavablandırılması bu sahədəki nöqsanların aradan qaldırılması diqqət mərkəzində saxlanılır: «Vətəndaş müraciətlərinin cavablandırılması və şikayətlərin obyektiv araşdırılması dövlət büdcəsinə vergilərin yığımı qədər əhəmiyyətli məsələdir».

Nazir müavini vergi ödəyicilərinin elektron bəyannamə sistemi, on-layn kargüzarlıq, ƏDV-nin depozit hesabı, vergi borcları, torpaq və əmlak vergisi üzrə öhdəliklər və vergi güzəştləri, bələdiyyə vergiləri və s. barədə müxtəlif suallarına cavab verib, təsərrüfat subyektlərinin pasportlaşdırılması ilə bağlı onları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Qeyd edək ki, ilin əvvəlindən indiyədək Vergilər Nazirliyi bölgələrdə vergi ödəyicilərinin problemlərinin dinlənilməsi və yerindəcə həll olunması ilə bağlı 12 belə görüş keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR