Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi ölçülür. Həmin nisbət əhalinin sərəncamında olan vəsaitlərin gəlirlərdə xüsusi çəkisini göstərir.
Qeyd edək ki, cari ilin yanvar-may aylarında pərakəndə əmtəə dövriyyəsi 6 253,2 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 1 860,2 mln. manat, əhalinin gəlirləri isə 11 192,5 mln. manat təşkil edib. Beləliklə, 2011-ci ilin yanvar-may aylarında gəlirlər əsas xərcləri mütləq şəkildə 3 079,1 mln. manat üstələyib ki, bu da analoji yanvar-aprel göstəricisindən 25,6% çoxdur.
Cədvəldən göründüyü kimi, alıcılıq qabiliyyəti indeksinin dinamikasında müəyyən qanunauyğunluq müşahidə olunur. Belə ki, hər ilin sonu-yeni ilin başlanğıcında (dekabr-yanvar aylarında) indeksin kəskin azalması baş verir, sonrakı 2-3 ay ərzində o, tədricən artır və nəticədə ilin ortasında 1,38-1,40 göstəricisinə çatır və bu göstərici ilin sonuna kimi davam edir.
Qeyd edək ki, dekabr-yanvar aylarında indeksin kəskin azalması əsasən Yeni İl bayramı ilə əlaqədar əhalinin xərclərinin artması ilə bağlı olur. Sonrakı dövrlərdə isə əhali xərclərini gəlirlərinə uyğunlaşdırmağa çalışır və xərclənməyən vəsaitlərin həcmi tədricən artır. Maraqlısı odur ki, gəlirlərin xərcləri məhz 38-40% səviyyəsində üstələməsi Azərbaycanın makroiqtisadiyyatı üçün artıq ənənəvi və səciyyəvi amilə çevrilib. Bu faktı ölkədə həqiqətən makroiqtisadi sabitliyin hökm sürməsini sübut edən amil kimi qəbul etmək olar.