Bank Of Baku

Azərbaycanla Çinin Sincan Uyğur Muxtar Rayonu arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun 1-ci iclasının Protokolu imzalanıb

Azərbaycanla Çinin Sincan Uyğur Muxtar Rayonu arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun 1-ci iclasının Protokolu imzalanıb
# 11 iyul 2011 09:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Bu gün Bakıda Azərbaycanla Çinin Sincan Uyğur Muxtar Rayonu (SUMR) arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun I iclası keçirilib.

«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkə iqtisadiyyatı, aparılan islahatlar, ölkədəki investisiya mühiti, iş adamları üçün yaradılan şərait və qanunvericilik barədə məlumat verib. Nazir müavini bildirib ki, görüşün keçirilməsində məqsəd iqtisadiyyat, sosial, sənaye və energetika sahəsində əməkdaşlığı regional səviyyədə genişləndirməkdir. Onun sözlərinə görə, bu iclas Azərbaycanla Çinin regionları arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq. Çinlə Azərbaycan arasında ticarət dövriyyəsinin 1 milyard dollardan artıq olduğunu bildirən N. Səfərov deyib ki, bunun 1/3- i - 350 milyon dolları Sincan Uyğur Muxtar Rayonunun payına düşür.

Azərbaycanla sıx ticarət əlaqələrinin olduğunu və ticarət dövriyyəsinin bu il daha da artacağını bildirən Çin nümayəndə heyətinin rəhbəri, SUMR-un partiya komitəsinin daimi komitə üzvü, muxtar vilayət hökumətinin sədr müavini Hu Vei bu rayonun Çinin şimal-qərbində yerləşdiyi üçün Azərbaycana daha yaxın olduğunu qeyd edib. Onun sözlərinə görə, iclasın keçirilməsi Azərbaycanla SUMR arasında iqtisadi və mədəni əlaqələrin güclənməsinə səbəb olacaq.

İclasın sonunda İşçi Qrupun 1-ci iclasının Protokolu imzalanıb. Protokolda ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, gömrük, maliyyə, turizm, səhiyyə, həmçinin regional əməkdaşlığın inkişafı və s. əksini tapıb.

İşçi qrupun 2-ci iclasının 2013-cü ilin 1-ci yarısında Urumçi şəhərində keçirilməsi barədə razılıq əldə edilib.

Qeyd edək ki, bu işçi qrup Azərbaycan-Çin hökumətlərarası komissiyasının qərarına uyğun olaraq yaradılıb. İşçi qrupun bu gün keçirilən iclası Azərbaycan-Çin hökumətlərarası komissiyasının növbəti iclasına hazırlıq xarakteri daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR