Bank Of Baku

Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib

Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib
# 12 iyul 2011 15:33 (UTC +04:00)
APA-Economics”-n məlumatına görə, iclasda çıxış edən prezident İ. Əliyev 2011-ci ilin birinci yarısında ölkə qarşısında duran sosial-iqtisadi məsələlərin həllini tapdığını, bu dövrdə Ümumi Daxili Məhsulun 0,9 faiz artdığını deyib. Bu göstəricinin əvvəlki dövrlə müqayisədə az olduğunu deyən dövlət başçısı bildirib ki, buna səbəb neft hasilatının azalmasıdır. “Bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsidir” deyən Azərbaycan prezidenti bu ilin 6 ayında qeyri-neft sektorunda 7,2, kənd təsərrüfatında isə 6,2 faiz artımın əldə olunduğunu bildirib.

O qeyd edib ki, əhalinin pul gəlirləri də 17 faiz artıb. İlin birinci yarısında büdcəyə edilən dəyişikliklərdən sonra tarixdə ilk dəfə olaraq Azərbaycan büdcəsinin 20 milyard dollara çatdığını deyən dövlət başçısı bu dövrdə ölkəmizin strateji valyuta ehtiyatlarının 9 milyard dollar artdığını diqqətə çatdırıb. Bildirib ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ümumilikdə 38 milyard dollar təşkil edir: “Bu bizə imkan verir ki, iqtisadiyyatın inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları ayıraq”.

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən dövlət başçısı bildirib ki, hazırda ölkədə 125 min ailəni əhatə edən ünvanlı sosial yardım proqramının icrası davam etdirilir. Son 7 ildə yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə azalıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində son 6 ayda 38 min yeni iş yeri açılıb. Bu il "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə", o cümlədən 2011-2013-cü illərdə Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib.

Sonra vergilər naziri Fazil Məmmədov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bu ilin 6 ayında ölkədə gedən sosial-iqtisadi inkişaf prosesləri barədə məlumat veriblər.

Yekun çıxışında “Bizim iqtisadi göstəricilərimiz gördüyümüz işlərin nəticəsidir və ölkədə gedən proseslər müsbət istiqamətdə davam edir” deyən prezident İ. Əliyev Azərbaycanın bölgədə nüfuzunun getdikcə artdığını deyib, çəkilişi davam edən Bakı-Tiflis-Qars dəmiryolunun əhəmiyyətindən danışıb. Dövlət başçısı makroiqtisadi sabitliyin saxlanılmasının, büdcə xərclərinin 100 faiz icra edilməsinin, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin vacib olduğunu deyib. Bildirib ki, hazırda Heydər Əliyev beynəlxalq hava limanının yeni terminalı tikilir, bu ilin sonuna qədər isə Qəbələdə daha bir beynəlxalq aeroport istifadəyə veriləcək. Ələt qəsəbəsində Xəzər hövzəsində ən böyük və müasir dəniz ticarət limanının, gəmiqayırma zavodunun inşa olunduğunu, yaxın vaxtlarda gübrə zavodunun təməlinin qoyulacağını deyən prezident bildirib ki, qarşıdakı 4 ildə metro stansiyalarının sayı 30-a çatdırılacaq. Ordu quruculuğunun da diqqət mərkəzində olduğunu deyən dövlət başçısı hazırda hərbi xərclərin 3,3 milyard dollar təşkil etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanda sənaye mərkəzlərinin yaradılması, İKT sektorunun, sahibkarlığın, turizmin inkişafı, kənd yollarının çəkilməsi, yaxın 4-5 ildə su və kanalizasiya problemlərinin həll olunması, əhalinin fasiləsiz içməli su ilə təmin edilməsinin vacibliyini də diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR