Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi ölçülür. Həmin nisbət əhalinin gəlirlərinin xərcləri üstələmə səviyyəsini və dolayı yolla əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir. Göründüyü kimi, indeks 2009-cu ildən sonrakı dövrdə maksimal həddə çatıb.
Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında pərakəndə əmtəə dövriyyəsi 10 199,3 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 3 199,8 mln. manat, əhalinin gəlirləri isə 19 030,2 mln. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 5 631,1 mln. manat səviyyəsində üstələyib ki, bu da analoji yanvar-iyul göstəricisindən 19,2% çoxdur.
Yanvar-avqust ayları ərzində əhalinin əsas xərcləri illik müqayisədə orta hesabla 9% artıb. Bu halda alıcılıq qabiliyyəti indeksinin artması həmçinin əhalinin sərəncamında qalan vəsaitlərin artmasını əks etdirir.