Bank Of Baku

Azərbaycanda bankların məcmu mənfəəti son 4 ayda ilk dəfə artıb

Azərbaycanda bankların məcmu mənfəəti son 4 ayda ilk dəfə artıb
# 24 sentyabr 2011 10:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2011-ci il yanvar-iyul ayları ərzində fəaliyyəti nəticəsində bank sistemi üzrə 100,40 mln. manat həcmində vergi ödənilənədək mənfəət yaranıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, 2010-cu ilin yanvar-iyul aylarının göstəricisi ilə müqayisədə əldə edilmiş mənfəət 19,21 mln. manat və ya 25,6% artıb.

Qeyd edək ki, yanvar-iyun ayları ərzində bankların mənfəəti 75,08 mln. manat təşkil edib. Beləliklə, iyul ayında bankların əldə etdiyi mənfəət 25,32 mln. manat olub. Bu da öz növbəsində cari ilin orta aylıq göstəricisindən 11 mln. manat və ya 77% çoxdur.

Yanvar-iyul aylarında bankların faiz gəlirləri 624,70 mln. manat, faiz xərcləri 332 mln. manat təşkil edib və nəticədə, faiz mənfəəti 292,70 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 171,89 mln. manat, qeyri-faiz xərcləri isə 287,89 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 116,21 mln. manatlıq zərər yaranıb.

Qeyd edək ki, 2010-cu ilin yanvar-iyul ayları ilə müqayisədə faiz mənfəəti 4,5%, qeyri-faiz zərəri 14,9% artıb. O cümlədən, faiz gəlirləri 5%, faiz xərcləri 5,4% artıb. Qeyri-faiz əməliyyatları üzrə gəlirlər 30,8%, xərclər isə 5,7% artıb.

Bank sistemi üzrə maliyyə nəticələrinin təhlili tədricən sağlamlaşma əlamətlərinin yarandığını göstərir. Belə ki, ötən aylarla müqayisədə yanvar-iyul ayları ərzində müsbət dinamika yaranıb, bu da ilk növbədə qeyri-faiz gəlirlərinin artım tempinin qeyri-faiz xərclərinin artım tempindən kəskin üstün olması ilə bağlıdır. Bu isə öz növbəsində qeyri-faiz zərərin artım tempinin yanvar-iyun aylarına nisbətən 28,8%-dən 14,9%-ə qədər enməsində görünür. Ümumi nəticədə, yekun mənfəətin aylıq artımı əvvəlki dövrlərə nisbətən kəskin artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR