Bank Of Baku

Parisdə Fransa-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib

Parisdə Fransa-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
# 24 sentyabr 2011 14:02 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan tərəfindən komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifovun, Fransa tərəfindən isə ticarət naziri Pyer Lelluşun sədrliyi ilə keçirilən iclasda iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.
İclasda çıxış edən S.Şərifov bildirib ki, birgə səylər nəticəsində əlaqələr hərtərəfli genişlənib və dərinləşib, Azərbaycan-Fransa münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qarşılıqlı səfərlərin ölkələr arasında siyasi və iqtisadi əlaqələrin daha da yaxınlaşmasında mühüm rol oynadığını vurğulayan nazir bu baxımdan oktyabr ayında Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Fransanın prezidenti Nikolya Sarkozinin Bakıya gözlənilən səfərinin əlaqələrin inkişafı üçün mühüm stimul olacağına əminliyini ifadə edib.
Fransanın Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini deyən P.Lelluş iqtisadi komissiyanın ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm rol oynadığını qeyd edib.
İclasda həmçinin, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin aparıcı rol oynadığı vurğulanıb, «Total» və «GDF Suez» şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında əməkdaşlığın möhkəmləndirilməsi və daha da genişləndirilməsi qərara alınıb.
Azərbaycan tərəfi ətraf mühit və su sahəsində mühüm layihələrin həyata keçirilməsində Fransa şirkətlərinin əməkdaşlığını qeyd edərək ölkədə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində beynəlxalq maliyyə qurumları ilə birgə həyata keçirilən layihələr çərçivəsində davam edən tenderlərdə Fransa şirkətlərini fəal iştirak etməyə dəvət edib. Bundan əlavə, komissiya üzvləri tərəfindən yaxın, orta və uzaq magistral təyyarələrin gələcəkdə təchizatı ilə bağlı «Azərbaycan Hava Yolları» QSC və «Airbus» şirkəti arasında mövcud əməkdaşlıq dəstəklənib.
İclasda Azərbaycan tərəfi İƏİT təşkilatında həmin təşkilat tərəfindən kredit resurslarının ayrılması mexanizmini daha aşağı faiz dərəcəsi ilə tətbiq etdiyi daha yüksək gəlirli ölkələr qrupuna daxil edilməsi məsələsini qaldırıb, Fransa tərəfi isə son 5 ildə Azərbaycanın beynəlxalq kredit reytinqlərinin artmasını nəzərə alaraq bu işə öz töhfəsini verməyə söz verib.
Azərbaycan və Fransa arasında təhsil sahəsində əlaqələrin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayan komissiya üzvləri bu sahədə iki ölkə arasında əməkdaşlıq çərçivəsində prioritet istiqamətlər kimi Azərbaycanda fransız dilinin, Fransada isə Azərbaycan dilinin tədrisinin təkmilləşdirilməsi və genişləndirilməsi, kadr mübadiləsi, tələbə hazırlığı məqsədilə təqaüd proqramlarının təsis edilməsini qeyd edib. Bildirilib ki, Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində 34 nəfər gənc Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə Fransanın müxtəlif ali təhsil müəssisələrində təhsil alır. Bundan başqa, Azərbaycanın 7 ali təhsil müəssisəsində fransız dili və ədəbiyyatı ixtisas fənni tədris olunur, ota məktəblərdə 70 mindən çox şagird xarici dil kimi fransız dilini öyrənir.
Bundan başqa, iclasda Avropa İttifaqı institutları ilə Azərbaycan arasında hazırkı əməkdaşlığın daha da genişləndirilməsi və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün Fransanın gələcəkdə təkmilləşdirilməsi tələb olunan bütün digər sahələrdə Azərbaycanla əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.
İclasın sonunda tərəflər arasında VI iclasının yekunlarına dair protokol imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR