Bank Of Baku

Bakıda II Sığortaçılar Olimpiadası keçirilir

Bakıda II Sığortaçılar Olimpiadası keçirilir
# 30 sentyabr 2011 07:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda sığorta şirkətlərinin nümayəndələri üçün II Sığortaçılar Olimpiadasına start verilib.

«APA-Economics»in məlumatına görə, olimpiadada 17 sığorta şirkətindən 46 gənc əməkdaş iştirak edir.

Olimpiada iki mərhələdən - sığorta və sığorta qanunvericiliyi mövzusunda test suallarına cavablardan və intellektual oyunlardan ibarətdir. Burada iştirakçılar reallığa çox yaxın vəziyyətlərdə sığorta biznesinin təşkili və müştərilərə xidmət məsələlərində ən düzgün həlləri tapmalıdır.

Olimpiadanın açılış mərasimində çıxış edən Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Azər Əliyev bildirib ki, bu olimpiadanın keçirilməsində assosiasiyanın məqsədi maksimal sayda sığorta bazarı iştirakçılarını bu cür tədbirlərdə cəlb etməkdir. «İnanıram ki, olimpiadada iştirak üçün nümayəndənin seçilməsi sığorta şirkəti daxilində heç də asan proses olmayıb. Bilirəm ki, bəzi şirkətlər onları olimpiadada layiqincə təmsil edəcək ən yaxşı əməkdaşı təyin etmək üçün müvafiq müsabiqələr təşkil ediblər. Hazırda olimpiada təşkilatçılarının qoyduğu yeganə məhdudiyyət ondan ibarətdir ki, olimpiada iştirakçısının sığorta sahəsində iş stajı 5 ildən artıq olmasın. Bu il olimpiadada iştirak üçün broker şirkətlərinin nümayəndələri də dəvət olunub», - deyə A. Əliyev qeyd edib.

Qeyd edək ki, 2010-cu ildə keçirilən olimpiadada 14 şirkətdən 30 nümayəndə iştirak edib. Qaliblər hədiyyələrlə yanaşı, xaricdə keçirilən treninqdə iştirak hüququ qazanıblar.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvüdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR